III MDB Oyunlarında Azərbaycan cüdo yığması ölkəmizi təmsil edən digər komandalar müqayisədə ən yüksək nəticəni göstərib.
İdmançılarımız ümumilikdə altı qızıl, yeddi gümüş və doqquz bürünc medal qazanıblar.
Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Emin İsgəndərov turnirlə bağlı təəssüratlarını İdman.biz-lə bölüşüb.
– Cüdo komandamız yaxşı çıxış etdi. Amma ölkə cüdosu tarixində ilk dəfədir ki, “zərif cins”in nümayəndələri oğlanlardan daha çox qızıl medal qazandı.
– Bəli, biz iki “qızıl” qazandıq, onlar isə üç (gülür). Üstəlik, Azərbaycan yığması qarışıq komanda yarışlarında da qızıl medal qazanıb ki, bu da MDB Oyunlarında azərbaycanlı cüdoçuların yüksək səviyyədə çıxış etdiyini bir daha göstərdi.
– Yəni bu turnirdə gənclərin çıxışını “əla” qiymətləndirərdiniz?
– Əlbəttə. Xüsusilə də heyətində üç dünya çempionu olan Özbəkistanla gərgin mübarizəni nəzərə almalıyıq. Rusiya cüdoçuları da çox güclü idilər.
– Gümüş medal qazanan beş idmançımız barədə soruşmaq istərdim. Sizcə, bu nəticə kimin üçün nailiyyət, kimin üçünsə əksinə, uğursuzluq hesab olunmalıdır?
– Əslində, kiminsə “qızılı” qaçırdığını deməzdim. Məsələn, iki finalda qaliblər öz aralarında müəyyənləşdi. 60 kiloqram çəki dərəcəsində Zeyd Ələskərov Rəyal Qayıbova qalib gəldi, 66 kq-da isə Fəxri Sahibzadə Hüseyn Hüseynovu məğlub etdi. Onlar güc baxımından bir-birinə çox yaxındır və nəticə əksinə də ola bilərdi.
– Mövcud heyətdən kimlərin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadaya düşmək şansı var?
– Fikrimcə, ən azı iki nəfərin real imkanı var: 66 kiloqram çəki dərəcəsinə keçən Zeyd Ələsgərov və ağır çəkidə çıxış edən Sübhan Axundov. Amma bu, Olimpiadad yalnız onların təmsil oluna biləcəyi anlamına gəlmir. Zaman göstərəcək…
Vüqar Vüqarlı