Millinin kapitanı Qazaxıstana qalib gəldiyimiz oyunu dəyərləndirib

Müsahibə
10 İyun 2024 17:07
122
Millinin kapitanı Qazaxıstana qalib gəldiyimiz oyunu dəyərləndirib

“Qələbə qazanacağımıza inanırdıq”.

İdman.biz xəbər verir ki, bunu çövkən üzrə Azərbaycan millisinin üzvü Elçin Camallı deyib.

O, Bakıda keçirilən dünya çempionatının ilk matçında Qazaxıstanı 5:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edib. Komandanın kapitanın sözlərinə görə, yarışa yüksək səviyyədə hazırlaşıblar: “Azarkeşlərin dəstəyi də bizə ruh yüksəkliyi verirdi. İlk gündən artıq çempionatın maraqlı keçəcəyi bəlli oldu. Əlimizdən gələni edəcəyik ki, ilk dünya çempionatının qalibi olaq. Çünki Azərbaycan qalib xalqdır və bizə yalnız qələbə yaraşır".

O bildirib ki, mundiala bütün komandalar hazırlıqlı gəliblər: “Müəyyən komandaların iştirakçılarını beynəlxalq yarışlardan şəxsən tanıyıram. Ümid edirik ki, layiq olan qalib gələcək. Bəzi komandalar çövkən idman növündə yeni olduqları üçün bizdən iştirakçı baxımından dəstək istədilər. Həmin komandalarda bir nəfər azərbaycanlı idmançı iştirak edir. Amma bu, davam edən yarışa aiddir”.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə bu gün start götürən çövkən üzrə dünya çempionatı iyunun 16-dək davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz