Avropa Gimnastikasının təlim-məşq toplanışı Bakıda olacaq

Xəbərlər
3 İyul 2025 10:38
35
Avropa Gimnastikasının təlim-məşq toplanışı Bakıda olacaq

Bakıda Avropa Gimnastikasının (EG) təşkilatçılığı ilə batut və tamblinq üzrə yay təlim-məşq toplanışı keçiriləcək.

İdman.biz xəbər verir ki, EG Batut Gimnastikası Texniki Komitəsinin rəhbəri Babet van Veterinq sözügedən tədbir haqqında danışıb.

O, Bakıdakı təlim-məşq toplanışının tarixini də açıqlayıb: "2025-ci ildə biz çoxlu sayda seminarlar keçirməyə davam edəcəyik. Yay təlim-məşq toplanışını Bakıda keçirəcəyik. Tədbir iyulun 27-dən avqustun 2-dək Bakıda olacaq".

Toplanış zamanı müxtəlif ölkələrin komandaları təlim-məşq keçmək və mövsümün ikinci yarısına hazırlaşmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, qarşıda onları Çinin Çenqdu şəhərində Dünya Oyunları və İspaniyanın Pamplona şəhərində keçiriləcək dünya çempionatı gözləyir.

İdman.biz