Fərid Qayıbov: "Bədii gimnastikanı bütün gözəlliyi ilə görəcəyik"

Xəbərlər
3 İyun 2025 16:11
62
Fərid Qayıbov: "Bədii gimnastikanı bütün gözəlliyi ilə görəcəyik"

“Bu həftə bədii gimnastikanı bütün gözəlliyi ilə görəcəyik, çünki Estoniyanın paytaxtı Tallində Avropa çempionatı keçiriləcək”.

İdman.biz xəbər verir ki, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov bildirib.

O, rəhbərlik etdiyi qurumun saytındakı “Prezidentin qeydləri” rubrikasında Estoniyanın ilk dəfə Avropa səviyyəsində tədbiri təşkil edəcəyini və onun yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Qayıbov ötən ay baş vermiş əlamətdar hadisələrdən də bəhs edib və Leypsiqdə keçirilən idman gimnastikası üzrə Avropa çempionatına toxunub: “Leypsiqdən evə qayıtdıqdan sonra belə ötən həftə Almaniyada keçirilən gimnastika bayramlarını məmnuniyyət və qürur hissi ilə xatırlayıram. Bütün qitədən insanları bir araya gətirən 2025-ci il idman gimnastikası üzrə Avropa çempionatı bu il Almaniyanın beynəlxalq gimnastika festivalı "Das Turnfest" çərçivəsində təşkil olundu. Bu, təşkilatçı – Almaniya Gimnastika Federasiyası (DTB) üçün böyük bir çağırış idi və onlar bu işin öhdəsindən ustalıqla gəldilər. "Turnfest" festivalının “Hamı üçün gimnastika” hissəsində 60 mindən çox insan iştirak etdi, 301 elit idmançı isə Avropa titulları uğrunda mübarizə apardı.

Bu Avropa çempionatı bir neçə tarixi anlarla yadda qaldı. İlk növbədə, təbii ki, qarışıq komanda finalının tətbiqini qeyd etmək istəyirəm. Bu format son iki Avropa Yeniyetmələr Olimpiya Festivalında sınaqdan keçirilib və texniki komitələrimiz onu beynəlxalq televiziya auditoriyasının gözləntilərinə uyğunlaşdıraraq yenidən işləyiblər. Aparıcılar, televiziya, idman təqdimatı və yarışların idarə olunması arasındakı əla əməkdaşlıq nəticəsində çox maraqlı və yüksək qiymətləndirilən bir final təqdim etdik. Ev sahibi ölkə isə dərhal adını tarixə yazdırdı: Karina Şönmayer və Timo Eder ilk dəfə qarışıq komandalar arasında Avropa çempionu tituluna sahib çıxdılar. Almaniyanın uğurları bununla da bitmədi: doğma tamaşaçılar qarşısında daha bir neçə zəfərə imza atıldı. Bütün medal qazananları təbrik edirəm – siz bir iz qoydunuz!

O, həmçinin bədii gimnastika üzrə Avropa kuboku haqqında da danışıb: “Bakıdakı tədbirdən iki həftə sonra Bolqarıstanın dənizkənarı kurortu Burqasda bu il ikinci dəfə Avropa kuboku keçirildi. İsrailli Meytal Sumkin və Macarıstanın qrup komandası qalib gələrək "Cross Battle" mərhələsində fəxri kürsüyə yüksəlməklə bu formatın nə qədər maraqlı və eyni zamanda proqnozlaşdırılmaz olduğunu göstərdilər”.

EG prezidenti həmçinin Maltada keçirilən Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının iclasından da bəhs edib: “Orada 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına gimnastikanın dörd olimpiya növü üzrə – kişi və qadın idman gimnastikası, bədii gimnastika və batut gimnastikası – təsnifat sistemi təsdiqləndi. Həmçinin Texniki reqlamentə təklif olunan dəyişikliklər və intizam məcəlləsinin yenilənməsi də təsdiq olundu”.

İdman.biz