Qazaxıstanın kişi idman gimnastikası üzrə yığmasının baş məşqçisi Aleksandr Kim Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, o, Milli Gimnastika Arenasındakı toplanışlarını dəyərləndirib, Azərbaycan yığması ilə bağlı fikirlərini açıqlayıb.
- Bakıya neçə gimnastla gəlmisiniz?
- 6 gimnast, 3 məşqçi, 1 həkim və 1 masajçıdan ibarət heyətlə gəlmişik.
- Necə oldu ki, qarşıdakı yarışlara burada hazırlaşmaq qərarına gəldiniz?
- Azərbaycan çox gözəl ölkədir. Burada şərait yaxşıdır və idman gimnastları çoxluq təşkil edir. Burada Avropa və dünya standartlarına cavab verən “SPIETH” brendinə məxsus gimnastika alətləri mövcuddur. Rahatlıq baxımından da bu zal deyərdim ki, mükəmməldir.
- İdmançılarınız barədə daha ətraflı məlumat verərdiniz...
- Hazırda keçirilən təlim-məşq toplanışında ən məşhur gimnastımız Milad Kərimi iştirak edir. O, son dünya çempionatında sərbəst hərəkətlərdə bürünc medal əldə edib. Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısıdır və eləcə də, Paris-2024 Olimpiadasına vəsiqə qazanıb. Burada ölkəmizi təmsil edən idmançılarımızın hər biri böyüklərdən ibarət Qazaxıstan milli komandasının üzvləridir. Hazırda yığma Qahirədə keçiriləcək Dünya kubokuna hazırlaşır. Federasiyanızla yüksək səviyyəli əlaqələrimiz mövcuddur. Hər şeyə görə təşəkkür edirik.
- Burada hansı məşqləri keçirsiniz?
- Burada texniki məşqlər edirik. Ümid edirəm ki, Dünya kubokuna hazırlığımız yaxşı gedir. İnanıram ki, digər gimnastımız da Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Bunun üçün onların üç Dünya kubokundan ikisində qalib gəlməsi kifayətdir.
- Azərbaycan idmançıları barədə nə deyə bilərsiz?
- Kişi idman gimnastikası üzrə baş məşqçinizi və yığma komandanın bütün üzvlərini tanıyıram. Gimnastlarınız çox güclüdürlər. Ümid edirəm ki, Azərbaycan gimnastları halqalar və çoxnövçülük üzrə Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.
İdman.biz
