İkiqat Afrika çempionu: “Azərbaycanda məşq etmək böyük təcrübədir” - MÜSAHİBƏ - FOTO

Müsahibə
11 Yanvar 2024 18:09
164
İkiqat Afrika çempionu: “Azərbaycanda məşq etmək böyük təcrübədir” - MÜSAHİBƏ - FOTO

Anqolalı bədii gimnast Luana Qomes Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, 20 yaşlı ikiqat Afrika çempionu Azərbaycana gəlişinin səbəblərini açıqlayıb.

- Ölkəmizə xoş gəlmisiniz. Özünüzü necə təqdim edərdiniz?

- Anqola Gimnastika Federasiyasını təmsil edirəm. İdmanda daha da güclənmək üçün son illərdir Avropada təlim-məşq toplanışlarında iştirak edirəm. Məşqçim əslən bolqarıstanlı Katerina İvanovadır.

- Milli Gimnastika Arenasındakı məşqləriniz necə keçir?

- Yeni mövsümə hazırlaşmaq üçün yenidən Bakıda olmaqdan çox şadam. Əsas məqsədim Afrika çempionatında yüksək səviyyədə iştirak etmək, arzum isə Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.

- Anqolada gimnastikanın inkişafı barədə nə deyə bilərsiz?

- Federasiyamız hazırda inkişaf prosesindədir. Bir neçə il bundan əvvəl anqolalı gimnastlar digər ölkələrin adından çıxış edirdilər. Lakin son illərdə bu, dəyişib. Getdikcə daha çox gimnast Anqolada gimnastika ilə məşğul olmağa başlayır. Son Afrika çempionatında biz tam heyətlə iştirak edərək komanda hesabında bürünc medala sahib çıxdıq. Əsas problem odur ki, infrastruktur cəhətdən çətinliklərimiz var. Gimnastika ilə məşğul olmaq üçün xalçamız yoxdur, idmançılarımız taxta örtük üzərində məşq etmək məcburiyyətində qalırlar. Məşqçilərimiz daha çox öyrənməlidirlər, lakin buna nail olmaqda çətinlik çəkirik. Hazırda ölkəmizdə bədii gimnastika üzrə heç bir hakimimiz yoxdur. İdmançı kimi karyeramı başa vurduqdan sonra beynəlxalq dərəcəli məşqçi və hakim olmaq üçün çalışacağam. Anqolada yüksək səviyyəli gimnast olmaq arzusunda olan çoxlu kiçik yaşlı qızlarımız var.

- Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istərdik.

- Burada məşq etmək mənim üçün böyük təcrübədir. AGF-nin İcra Komitəsinin üzvü Mariana Vasilevaya bizə göstərdiyi dəstəyə, dünyanın ən yaxşı məşqçiləri və gimnastları ilə birgə məşq etmək imkanı yaratdığına görə minnətdarlığımı bildirirəm. Burada idmançılar üçün yüksək səviyyəli şərait yaradılıb. Bakıda səmimi qəbula və mənimlə bölüşdüyünüz bütün biliklərə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm.

İdman.biz

Məqalədə: