Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli UEFA Çempionlar Liqasında çıxış etmək üçün “Araz-Naxçıvan”ı seçib.
İdman.biz xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə “Report”a açıqlama verib.
O, başqa təkliflər olsa da, Naxçıvan klubuna üstünlük verdiyini deyib: “Baş məşqçi və klub rəhbərliyi ilə görüşümüz oldu. Çox sağ olsunlar ki, məni yenidən “Araz-Naxçıvan”da görmək istədilər. Həmişə dediyim kimi, harada olmağıma baxmayaraq, hər zaman “Araz-Naxçıvan”ın təklifləri mənim üçün ilk sıradadır. Çünki doğma klubumdur, öz evimdir. Məhz bu klubda Rövşən Hüseynli olmuşam və bunu heç vaxt yaddan çıxara bilmərəm. Başqa təkliflər də var idi. Artıq Qazaxıstan çempionatında çıxış etməməyi qərarlaşdırmışdım. UEFA Çempionlar Liqası həyəcanını yenidən yaşamaq istəyirdim. 8 il “Araz-Naxçıvan”ın formasını geyinmişəm. Bu il UEFA Çempionlar Liqasında çıxış edən komandaya keçmək istəyirdim. Ona görə də seçimim asan oldu. “Araz-Naxçıvan”ın məqsədi hər zaman yüksəkdir. Bu da seçimimdə böyük rol oynadı. Beynəlxalq yarışda yaxşı nəticə qazanmaq istəyirəmsə, ələbəttə, bu komandanı seçməli idim”.
Qolkiper komandasının UEFA Çempionlar Liqasındakı potensialını dəyərləndirib: “Artıq püşkatma da olub. Rəqiblər bəllidir və özüm üçün müəyyən məlumatlar da toplamışam. Potensialımız yüksəkdir, “Araz-Naxçıvan” qrupun favoritidir. Qalır bunu meydanda, oyunumuzla sübut etmək. Düşünürəm ki, növbəti mərhələyə lider kimi adlaya biləcəyik”.
Qeyd edək ki, R.Hüseynlinin son iş yeri Qazaxıstanın "Astana" klubu olub.
Naxçıvan təmsilçisi Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək. Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.
İdman.biz