Azərbaycan Qran-prisində təkərlər dəyişdiriləcək: “Pirelli” niyə ötənilki variantdan imtina edib?

22 Sentyabr 2026 16:23
32
Azərbaycan Qran-prisində təkərlər dəyişdiriləcək: “Pirelli” niyə ötənilki variantdan imtina edib?

“Formula-1”in təkər təchizatçısı “Pirelli” qarşıdakı Azərbaycan Qran-prisində komandaların istifadəsinə veriləcək təkər çeşidini dəyişib.

İdman.Biz-in “Formula-1”in rəsmi saytına istinadən məlumatına görə, Bakıda pilotlara 2026-cı il xəttindəki ən yumşaq üç təkər təqdim olunacaq. C3 sərt (Hard), C4 orta (Medium), C5 isə yumşaq (Soft) təkər kimi istifadə ediləcək.

Ötənilki Azərbaycan Qran-prisindən əsas fərq daha yumşaq C6 təkərindən imtina edilməsidir. 2025-ci ildə Bakıda C4 sərt, C5 orta, C6 isə yumşaq təkər hesab olunurdu.

C6-nın ötən il seçilməsi məqsədli şəkildə edilmişdi. Bakıdakı şəhər trasının asfaltı nisbətən hamar olduğundan təkərlərin aşınması zəifdir. Buna görə “Pirelli” daha yumşaq təkərlər hesabına komandalar üçün taktiki seçimləri artırmağı və bu tras üçün xarakterik olan bir pit-stop əvəzinə iki pit-stop ehtimalını yüksəltməyi planlaşdırırdı.

Lakin praktikada bu eksperiment özünü doğrultmadı. 2025-ci il yarışında heç bir pilot C6 təkərindən istifadə etmədi. Bütün sürücülər Qran-prini bir pit-stopla başa vuraraq daha uzunömürlü C4 və C5 təkərlərinə üstünlük verdilər. Startda 11 pilot C5, daha 9 sürücü isə C4 təkəri seçdi.

Bu mövsüm C6 ümumiyyətlə “Formula-1”in quru hava təkərləri xəttində yer almır. Bu xətt ən sərt C1-dən ən yumşaq C5-ə qədər beş təkər növündən ibarətdir. Buna görə Bakıda C3, C4 və C5 təkərlərindən istifadə olunacaq. Eyni işarələmə kombinasiyası 2024-cü ildə Azərbaycan Qran-prisində də tətbiq edilmişdi.

Bununla belə, Bakı trasının xarakteri dəyişməyib. Burada təkərlərin aşınmasının aşağı səviyyədə olacağı gözlənilir və buna görə də ən real taktika yenidən bir pit-stop hesab olunur. “Pirelli” C5 təkərinin yarışın kifayət qədər uzun hissəsini davam gətirə biləcəyini istisna etmir.

Bu il trasın ikinci, üçüncü və dördüncü döngələri ərazisində bəzi hissələr yeni asfalt örtüyü ilə yenilənib. Lakin “Pirelli” lokal asfalt yenilənməsinin təkərlərin davranışına əhəmiyyətli dərəcədə təsir edəcəyini gözləmir.

Qeyd edək ki, Bakıda yarış həftəsonu dəyişdirilmiş qrafik üzrə keçiriləcək. Sərbəst yürüşlər cümə axşamı, sıralanma turu cümə günü, Azərbaycan Qran-prisi isə şənbə günü baş tutacaq.

İdman.Biz
Məqalədə: