“Maklaren” komandasının pilotları olan 26 yaşlı britaniyalı Lando Norris və 24 yaşlı avstraliyalı Oskar Piastri “Formula-1”in Las-Veqas Qran-prisində diskvalifikasiya olunublar.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və stüardların apardığı yoxlamalardan sonra hər iki boliddə planşetin sürtünmə nəticəsində normadan artıq yeyildiyi müəyyən edilib.
Rəsmi protokola əsasən, yarışdan sonra bolidlərin alt hissəsində yerləşən sürüşmə panelləri yoxlanılıb və onların qalınlığının qaydalarda tələb olunan minimum 9 mm-dən az olduğu təsdiqlənib.
Bu qərardan sonra şəxsi hesabdakı vəziyyət belə formalaşıb:
1. Lando Norris (“Maklaren”) — 390 xal
2. Oskar Piastri (“Maklaren”) — 366 xal
3. Maks Ferstappen (“Red Bull”) — 366 xal
Diskvalifikasiya nəticəsində “Maklaren” üçün mövsümün gedişatı daha da çətinləşib.
12:45
“Formula-1”də Böyük Britaniyanın “Maklaren” komandasının pilotları olan Lando Norris və Oskar Piastrinin Las-Veqas Qran-prisində tutduqları ikinci və dördüncü yerləri itirə biləcəkləri iddia olunur.
İdman.Biz xəbər verir ki, FIA hər iki bolidlə bağlı araşdırmaya başlayıb.
İlkin olaraq diqqət Norrisin bolidinə yönəlib. İddia olunur ki, finişdən sonra onun maşınında məcburi texniki yoxlama üçün tələb olunan minimum 1 litr yanacaq qalmaya bilər. Qaydalar pozularsa, nəticələrin ləğvi mümkündür.
Daha sonra məlum olub ki, yoxlama hər iki “Maklaren” bolidini əhatə edir. Müfəttişlər alt panelin həddindən artıq aşınma ehtimalını araşdırırlar ki, bu pozuntu da pilotların diskvalifikasiyası ilə nəticələnə bilər.
Araşdırma davam etdiyi üçün komandanın rəhbəri Andrea Stellanın planlaşdırılan mətbuat konfransı qeyri-müəyyən müddətə təxirə salınıb.
Gərginliyi artıran digər məqam yarışın son dövrələrində Norrisin tempinin kəskin şəkildə aşağı düşməsi olub. Britaniyalı pilot yarışdan sonra boksdan bu cür komanda əmrinə görə dəqiq səbəbi bilmədiyini bildirib.
FIA-nın “Formula” seriyaları üzrə direktoru Nikolas Tombasis hazırda “Maklaer” qarajındadır və vəziyyəti komanda rəhbərliyi ilə müzakirə edir
