Millinin sabiq məşqçisi: “Məğlubiyyət gözləyirdik, beləsini yox”

Xəbərlər
6 Sentyabr 2025 16:16
54
Millinin sabiq məşqçisi: “Məğlubiyyət gözləyirdik, beləsini yox”

“Komanda oyun boyu müdafiəyə fokuslanmışdı. Rəqib evdə oynayırdı, məğlubiyyət mümkün idi, amma bu qədər acınacaqlı nəticə gözləmirdik”.

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov yığmanın İslandiyaya qarşı oyundakı 0:5 hesabı ilə ağır məğlubiyyətindən danışarkən deyib.

55 yaşlı mütəxəssis darmadağının səbəbini oyun planının düzgün qurulmamasında görüb: “Müxtəlif səbəblər ola bilər, amma futbolçuların oyun praktikası və fiziki hazırlıq çatışmazlığı buna təsir edə bilər. Əsas səbəb isə oyun planının düzgün qurulmamasıdır. Qarşılaşma boyu komanda ancaq müdafiə haqqında düşünürdü. Öz zonamıza çəkilir, topu ələ keçirəndən sonra isə tez bir zamanda itirirdi. 3-4 ötürmə belə alınmırdı.

Görünür, futbolçulara bu cür tapşırıq verilmişdi. Çünki bir-iki nəfər yox, bütün komanda olaraq müdafiədə qol buraxmamağa çalışırdılar. Topu ələ keçirdikdən sonra hücuma qoşulmaq üçün çox açılmırdılar ki, əks-hücumda yaxalanmasınlar.

Rəqib topa daim nəzarət etdikdə və müdafiəyə oturduqda enerji tükənir. Belə oyunlarda buraxılan bir topun davamı gəlir. Necə ki, dünən elə oldu”.

İdman.biz