Türk əsilli almaniyalı futbolçu İlkay Gündoğan karyerasını “Qalatasaray”da davam etdirəcək.
İdman.biz xəbər verir ki, sosial şəbəkə hesabında azarkeşlərə müraciətində o, “Mançester Siti”dən ayrılmasının səbəbini açıqlayıb.
Gündoğan daha çox futbol oynamaq istədiyini bildirib: “Əziz "şəhərlilər", sizinlə tam səmimi olmaq istəyirəm: ayrılmağımın səbəbi sadədir – mən hələ də mümkün qədər çox futbol oynamaq istəyirəm, çünki bu, ən çox sevdiyim işdir. Tezliklə 35 yaşım olacaq, amma özümü yaxşı formada hiss edirəm və Çempionlar Liqasında çıxış edən bir komandada yüksək səviyyədə oynamağa davam edə biləcəyimə səmimi-qəlbdən inanıram. Üstəlik, uşaqlıqdan sevdiyim və mənim üçün çox şey ifadə edən bir ölkənin komandasında oynamaq fürsəti yaranıb.
"Mançester Siti" üçün möhtəşəm dövrdən sonra yeni başlanğıca ehtiyac olduğunu anlayıram və buna hörmətlə yanaşıram. Bu klubun illər ərzində mənim üçün etdiklərini heç vaxt unutmayacağam. Klub və Mançester həmişə qəlbimdə qalacaq.
Bütün komanda yoldaşlarıma, klub rəhbərliyinə, hər bir azarkeşə və əlbəttə ki, bu dövrü mümkün edən Pepə təşəkkür edirəm. "Siti"dən dərin minnətdarlıq hissi ilə ayrılıram. Ailəm adından sizə təşəkkür edirəm”.
Qeyd edək ki, Gündoğan “şəhərlilər”in heyətində bütün turnirlərdə 358 matçda çıxış edib, 65 qol vurub və 47 məhsuldar ötürmə verib. O, “Mançester Siti” ilə 5 dəfə İngiltərə çempionu olub və bir dəfə Çempionlar Liqasını qazanıb.
İdman.biz