Arif Əsədov: "Millilərin oyunları ilə bağlı fasilə “Neftçi”nin xeyrinə işləyə bilər"

Xəbərlər
1 Sentyabr 2025 13:32
38
Arif Əsədov: "Millilərin oyunları ilə bağlı fasilə “Neftçi”nin xeyrinə işləyə bilər"

"Artıq üçüncü tur başa çatdı və demək olar ki, bu turda bir çox gözlənilməz nəticə qeydə alındı. Sürpriz nəticələr oldu. Mən əvvəlcədən də demişdim ki, ilk 4-5 turda belə qeyri-sabitlik müşahidə olunacaq. Ona görə də bu hal heç də təəccüblü deyil. Adətən çempionatın əvvəlində belə nəticələrin olması tamamilə real görünür".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasının III turu barədə danışarkən deyib.

Mütəxəssis “Neftçi”nin stabil oyun üslubu olmadığını bildirib: “Samir Abasovun kollektivi “Turan Tovuz”a da məğlub oldu. Komandalar “Neftçi”yə qarşı əsasən arxa xətdən oynayır və bu səbəbdən “ağ-qaralar” rəqiblərin müdafiəsini yarmaqda çətinlik çəkir. Milli komandaların oyunları ilə bağlı yaranan fasilə “Neftçi”nin xeyrinə işləyə bilər. “Turan Tovuz” isə hər zaman olduğu kimi liderlərə qarşı yaxşı oyun sərgiləyir. Bəzən səfərdə gözlənilmədən xallar itirsələr də, bu oyunda istəkli görünürdülər və qələbəni daha çox arzuladıqları üçün qalib gəldilər”.

Onun sözlərinə görə, turun sensasiyası “İmişli”nin “Sabah”ı məğlub etməsi olub: “Gözlənilməz nəticə məhz bu qarşılaşmada alındı. Düşünürəm ki, Premyer Liqaya yeni gələn komandalar daha istəkli, əzmkar oyun nümayiş etdirirlər və “İmişli” də bizləri müsbət mənada təəccübləndirir. Komandada strukturlu oyun hiss olunur. Matça baxanda da görünürdü ki, “Sabah” bu oyuna yaxşı köklənməyib. Nəticədə geri dönüş edə bilmədi. Amma dediyim kimi, çempionat hələ təzə başlayıb. Yaxın vaxtlarda hər komanda artıq öz real yerini tapacaq”.

Əsədov “Sumqayıt” – “Şamaxı” oyununun maraqlı alındığını söyləyib: “Hər iki komanda bərabər səviyyədədir. “Sumqayıt” isə bu mövsüm müsbət mənada təəccübləndirir. Komandada müəyyən oyun üslubu hiss olunur, yeni transferlər özlərini yaxşı tərəfdən göstərir. Matçın ədalətli nəticəsi elə heç-heçə idi”.

“Araz-Naxçıvan” – “Qəbələ” görüşü haqqında da danışan veteran futbolçu deyib: “Təbii ki, “Araz-Naxçıvan” heyət baxımından daha yaxşı futbolçulardan formalaşıb. Komanda beynəlxalq oyunlardan sonra da stabil çıxışını davam etdirir və özünəməxsus oyun üslubu görünür. Amma “Qəbələ”ni xüsusi qeyd etmək istərdim. Baş məşqçinin işini alqışlamaq lazımdır. Bəlkə də yeganə məşqçidir ki, gənc və yerli futbolçulara şans verir. Hesab edirəm ki, çempionluq uğrunda oynayan komandalar ayrı məsələ, amma orta səviyyəli klublar ən azı Azərbaycan millisini də düşünərək yerli oyunçulara şans verməlidir. Bu baxımdan “Qəbələ”nin rəhbərliyi və baş məşqçisini təqdir etmək lazımdır. Komandanın oyunu ilə bağlı onu da demək olar ki, adətən matçlara yaxşı başlayır və tez qol vurur. Amma təcrübə çatışmazlığı səbəbindən sonradan qollar buraxır. Ümumi götürsək, kollektivin çıxışında məşqçi işi hiss olunur”.

Mütəxəssis “Zirə” və “Qarabağ” komandaları barədə də fikirlərini bölüşüb: “Qarabağ” artıq məlum olduğu kimi üç cəbhədə – Çempionlar Liqası, Azərbaycan çempionatı və ölkə kubokunda mübarizə aparır. Bu səbəbdən heyətdə rotasiyalar edir. “Karvan-Yevlax”la oyunda qələbəni heç də asan qazanmadılar. Amma əsas məsələ odur ki, komanda görüşdən 3 xalla ayrıldı. “Zirə” isə inamla üç turu geridə qoydu və hazırda liderdir. Üstəlik, çoxlu qollar vurur. Hiss olunur ki, komandanın hücum potensialı artıb və bu, meydanda da gözə çarpır”.

Qeyd edək ki, 3 turdan sonra turnir cədvəlinə 7 xalla “Zirə” başçılıq edir. Eyni xallara malik “Sumqayıt” ilə “Araz-Naxçıvan” 2-ci və 3-cü yerləri bölüşürlər.

İdman.biz