Ayxan Abbasov: "Bəzən hakimləri yol polisləri ilə müqayisə edirəm"

Xəbərlər
24 Avqust 2025 20:14
79
Ayxan Abbasov: "Bəzən hakimləri yol polisləri ilə müqayisə edirəm"

“Şamaxı” Azərbaycan Premyer Liqasının 2-ci turunda “Sabah”ı qəbul edib.

İdman.biz xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Abbasov “Sabah”ın onlardan daha hazırlıqlı olduğunu bildirib: “Çətin oyun olacağını bilirdik. Rəqibimiz “Sabah” idi. Həm Avroliqadan, həm Konfrans Liqasından gələn komandadır. Bizdən daha hazırlıqlı idilər. Oyuna yaxşı başlamadıq. Buna baxmayaraq, oyunçularım yaxşı çıxış etdilər, yaxşı mübarizə apardılar. Ən azı bir xal qazanmaq istəyirdik. Bərabərlik qolunu da vurduq. Amma rəqib standart vəziyyətdən yararlanıb qələbə qolunu vurdu. Bəlkə də, ilk dəqiqədə qol buraxmağımız bu gün məğlub olmağımıza səbəb oldu.

Bu gün deyə bilmərik ki, futbolçularımız yaxşı çıxış etmədi. Bəli, qələbə qazanmaq üçün daha yaxşı çıxış etmək lazımdır.

Ümumən, bu gün bütün cərimələr bizim əlehimizə idi. Təəssüf ki, iki oyundur hakimlərin rəğbəti rəqib tərəfə olur. Sanki mən bu gün səfərdə oynadığımızı düşündüm. Amma bir tərfdən də yaxşıdır ki, hakimlər bizi daha möhkəm olmağı öyrədir.

Hakimlərə təzyiq həmişə olacaq. Çünki bizim hakimlər zəif deyil. Beynəlxalq oyunlarda görürük necə hakim səhvləri olur. Amma kiçik folları saxlamasa da, olar. Oynamağa imkan vermək lazımdır. Onsuz da hakimlərə heç nəyi sübut etmək olmur, mən bəzən onları yol polisləri ilə müqayisə edirəm (gülür). Ona görə də, hakimlərin üzərinə çox getmək olmaz”.

İdman.biz