Rahid Əmirquliyev: "Gül kimi karyeramı bitirib oturmuşdum" - MÜSAHİBƏ

Müsahibə
22 İyul 2025 16:43
77
Rahid Əmirquliyev: "Gül kimi karyeramı bitirib oturmuşdum" - MÜSAHİBƏ

Ötən mövsüm Azərbaycan II Liqasının çempionu olaraq I Liqaya yüksələn “Şahdağ Qusar”da qeyri-müəyyənlik hökm sürür. Baş sponsor I Liqaya vəsiqə qazanmış komandaya maliyyə dəstəyi göstərməkdən imtina edir, bununla razılaşmayan klubun direktoru Elçin Cananov istefa ərizəsini yazır, bir sözlə, klub dağılmağa doğru gedir. Hazırda klubda cəmi 6 işçinin qaldığı bildirilir.

Qalanlardan Azərbaycan millisinin veteran futbolçusu, eyni zamanda “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyev bu məsələlərlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

- Hazırda “Şahdağ Qusar”da nə baş verir?

- Nə rəhbərlikdən, nə də bir başqa yerdən səs-soraq var. Futbolçulardan kimin təklifi olursa, dəyərləndirib gedirlər. “Şahdağ Qusar”dan ümumiyyətlə, bir xəbər yoxdur.

- Klubda cəmi 6 nəfər işçinin qaldığı deyilir...

- Müqaviləmiz var, qalmışıq. Sadəcə, bir xəbər edən yoxdur ki, klub olacaq, olmayacaq. Yaxud sponsor davam edəcəkmi? Bunu da bizə dəqiq deyən adam yoxdur.

- Bəs baş məşqçi Elnur Abdullayevlə danışığınız olmayıb?

- Baş məşqçi ilə hər gün danışırıq. Əsas, sponsordan səs-soraq yoxdur. Abdullayevin də hamı kimi müqaviləsinin vaxtı bitib. Yəqin, təklif olarsa, dəyərləndirəcək.

- Məlumata görə, şirkətdən "Şahdağ Qusar"a "Gedin, AFFA-nın ayırdığı pulla oynayın" sözləri deyilib. Bununla razılaşmayan klubun direktoru Elçin Cananov istefa ərizəsini yazıb.

- Düzdür, ərizəsini yazmasından xəbərim var. Amma onu təsdiqləmək lazımdır.

- Çempion olub I Liqaya yüksəldiniz. Sponsor daha çox dəstək göstərməli olduğu halda, niyə sizdən əlini çəkdi?

- Səbəbi bilmirik. Neçə dəfə rəhbərliklə görüşüb necə olacağını soruşmuşuq. Yalnız bir söz deyilib ki, sizə məlumat veriləcək. O məlumat da hələ gəlməyib. Ya demirlər ki, biz baxmırıq, gedin, özünüzə başqa iş axtarın, yaxud da komanda olacaqmı, ümid vermirlər. Dəqiq bir söz demirlər.

- Sponsor birdən-birə niyə "Gedin, AFFA-nın ayırdığı pulla oynayın" desin ki?

- Onu bilmirəm. Amma mənə elə söz deməyiblər.

- Ola bilərmi, yeni sponsor gəlib öz komandasını qursun?

- Hər şey ola bilər. Komanda “Azenko” şirkətinin balansındadır. Bilmirəm, onlar komandanı satacaqlar, yoxsa elə-belə kiməsə verəcəklər.

- Qusar stadionu Gənclər və İdman nazirliyinin balansına verilib. Ola bilərmi ki, komanda da kiminsə himayəsinə verilsin?

- Hər şey mümkündür. Mən deyə bilmərəm. Komanda onlarındır, özləri necə istəyir, elə də davranırlar.

- Özünüz indiki durumda nə planlaşdırırsınız: orada qalacaqsınızmı?

- Əlbəttə, istərdim ki, “Şahdağ Qusar” Premyer Liqada çıxış etsin. Mən də qusarlı olaraq bu zaman orada olum. Olmasa da başqa bir şey fikirləşərik. İnanın ki, hələ bilmirəm.

- Rahid Əmirquliyevi heyətində görmək istəyən klub və ya baş məşqçi varmı?

- Görmək istəyən var. Sadəcə, oturub danışmamışam.

- Vəziyyət belə davam edərsə, təklifi müzakirə edəcəksiniz, yoxsa heç bir klubda oynamayacaqsınız?

- “Şahdağ Qusar” olmasa, başqa təklifləri dəyərləndirəcəyəm. Dəvətlər arasında I Liqa və II Liqa klubları var.

- Hadisələr belə cərəyan edərkən, karyeranızı bitirməyi düşünürsünüzmü?

- Bitirmişdim, gül kimi bitirib oturmuşdum da... Gətirdilər ki, “Şahdağ Qusar” üçün nəsə et, bu da belə. Bəlkə bundan sonra karyeramı ümumiyyətlə bitirərəm. Bəlkə bununla da qurtardım.

- Premyer Liqaya yeni gələn “Karvan” və “İmişli”yə köhnə nəsil futbolçular cəlb olunur. Özünüzü bu klublarda oynamaq gücündə hiss edirsinizmi?

- Yox, Premyer Liqada çətin oynayaram. Yəni, “dartmaram”.

- Ümumilikdə hansısa klub sizə "vida oyunu" keçirməyi təklif edibmi?

- Xeyr, belə şey olmayıb.

- Bəs gözləntiniz varmı?

- Xeyr, yoxdur. Kimdənsə elə şey gözləmirəm.

- Əvvəl “Səbail” akademiyasında məşqçi olaraq işləyirdiniz. Artıq I Liqaya endikdən sonra akademiya da fəaliyyətini dayandırdı. İndidən sonra Premyer Liqa, yoxsa uşaq məşqçisi kimi davam edəcəksiniz?

- Bəli, məşqçi kimi çalışırdım. Futbolla tam vidalaşsam, yəqin bütün gücümü məşqçiliyə qoyaram. Onsuz da uşaq məşqçisi kimi başlamışam. İndidən sonrasını bilmirəm.

İdman.biz