Vaqif Sadıqov: "Bu, futbolumuzun imicinə müsbət təsir göstərə bilər"

Xəbərlər
7 İyul 2025 12:20
43
Vaqif Sadıqov: "Bu, futbolumuzun imicinə müsbət təsir göstərə bilər"

Ölkəmizin Özbəkistanla dünya çempionatının keçirilməsi üçün birgə namizədliyini irəli sürməsi çox sevindirici haldır. Bu addım futbolumuzun inkişafına təkan verəcək, beynəlxalq imicimizə müsbət təsir göstərəcək.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan və Özbəkistanın 2027-ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli irəli sürməsi ilə bağlı danışarkən deyib.

O, bu yolda görüləcək işlərin çox olduğunu söyləyib: “Yarışı yüksək səviyyədə təşkil etmək üçün infrastruktur baxımından hazır olmalıyıq. Təbii ki, namizədlik FIFA tərəfindən müsbət qarşılandıqdan sonra dövlətimiz müəyyən islahatlar həyata keçirəcək və bütün lazimi tədbirlər görüləcək. Bunun üçün bir qədər vaxt lazım olacaq. Azərbaycan daha əvvəl qadınlar arasında U-17 dünya çempionatı, İslam Həmrəyliyi Oyunları və Avro-2020 kimi beynəlxalq yarışlara ev sahibliyi edib. Yəni, bu barədə təcrübəmiz heç də az deyil. Bakıdakı stadionlar beynəlxalq standartlara cavab verir. Ən əsası, futbolumuzun səviyyəsini artıraraq, bu turnirə ev sahibliyi etməyə layiq olduğumuzu sübut etməliyik”.

Mütəxəssis bildirib ki, turnir ölkəmizdə keçiriləcəyi təqdirdə, regionlardakı stadionlarda yenidənqurma işləri aparılmalıdır: “Sözsüz ki, oyunların sadəcə paytaxtda deyil, bölgələrimizdə də təşkil olunma ehtimalı var. Bunun üçün müasir tələblərə cavab verən stadionların olması şərtdir. Ümumiyyətlə, matçların bir qisminin regionlarda keçirilməsi futbolumuz üçün çox yaxşı olardı. Orada yaşayan gənclərdə motivasiya yaranar, təkcə Bakıda deyil, ölkənin müxtəlif yerlərində futbol sevgisi artar”.

V.Sadıqovun sözlərinə görə, Özbəkistan kimi futbolda xeyli inkişaf edən ölkə ilə əməkdaşlıq Azərbaycanda da bu idman növünə çox şey qazandıracaq: “Bu layihə futbolumuza strateji və struktur baxımından ciddi töhfə verə bilər. Özbəkistan yığma səviyyəsində, xüsusilə, son illərdə mühüm irəliləyişlərə nail olub. AFFA onların strategiyasından faydalana bilər”.

İdman.biz