Bolqarıstanın Albena şəhərində “Golden Sands Cup 2025” beynəlxalq futbol turniri keçirilib.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya və Ukrayna klubları mübarizə aparıblar.
Ölkəmizi turnirdə "Ulduz" Futbol Akademiyasının 2014-cü il təvəllüdlü futbolçulardan ibarət komandası təmsil edib. Onlar qrup mərhələsində “Kids”ə (Maldova) 3:0, “CFR Timişoara”ya (Rumıniya) 9:0 və “Champion”a (Ukrayna) 12:1 hesabı ilə qalib gəliblər.
Yarımfinala qrup birincisi kimi vəsiqə qazanan Çingiz Bədəlovun baş məşqçisi olduğu komanda bu mərhələdə Moldova “İuppiter”i qarşılaşıb. Futbolçularımız bu dueli də aktivinə yazıblar – 6:3.
“Ulduz”un bu gün baş tutan finalda rəqibi isə ev sahibləri – “Çerno More” olub. Gərgin keçən matçda təmsilçilərimi bolqarları 1:0 hesabı ilə məğlub edərək, turnirin qalibi adını qazanıblar.
Yarışda 12 komanda mübarizə aparıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə 8 yaşdan 15 yaşadək istedadlı uşaqları heyətə cəlb edərək yaradılmış “Ulduz” FA qısa müddətdə ölkə çempionatında uğurlu çıxışı ilə fərqlənir.
Nazirlik artıq 4 ildir ki, ölkəmizdə aşağı yaş qrupları üzrə beynəlxalq futbol turnirləri təşkil edir. “Qol-15” Bakıda, “Ulduz Cup” isə Quba şəhərində keçirilib. Bu yaxınlarda Qubada növbəti dəfə təşkil olunacaq “Ulduz Cup” beynəlxalq turnirində ölkəmizin “Ulduz” FA və “Qarabağ”, eləcə də, Türkiyənin “Trabzonspor Scholl”, Özbəkistanın “Paxtakor”, Gürcüstanın “Dinamo” (Tbilisi), Küveytin “Grand” FA, Qırğızıstanın “Sdushorhsı, Qazaxıstanın “Şaxtyor” FK (Karaqanda) və Qətərin “Aspire Academy” komandaları mübarizə aparacaqlar.
İdman.biz