"Zirə" və "Hayduk" (Split) klublarında oynamış Ruslan Qurbanovun Sportal.az-a müsahibəsi
- "Haypers Quba"da oynadıqdan sonra hazırda nə işlə məşğulsan?
- Bakını gəzdim. Həyatdan həzz almağa çalışıram. Düzünü desəm, artıq oynamaq istəmirəm. Məncə, bəsdir. Ancaq artıq Rusiyaya yollandım. Bakı üçün darıxacam, mütləq geri qayıdacam.
- Sabiq komandaların "Zirə" və "Hayduk" Konfrans Liqasının təsnifat mərhələsində üz-üzə gələcək. Bu püşkatma yəqin ki, sənin üçün də maraqlı oldu?
- Bəli, "Zirə"nin bəxtinə "Hayduk"un düşdüyünü gördüm. Rəşad Sadıqov yaxşı kollektiv yığıb. Üstəlik, əminəm ki, yeni transferlər də olacaq. "Hayduk" həmişə güclü komanda olub. Splitdəki stadionda çılğın ab-hava olacaq. Hər iki komandaya uğurlar arzulayıram. Təbii ki, "Zirə"yə azarkeşlik edəcəm.
- "Zirə"nin "Hayduk"u turnirdən kənarlaşdırmaq şansı nə qədərdir?
- Futbolda hər kəsin şansı var. "Hayduk" asan rəqib deyil. Onların da keyfiyyətli futbolçuları var. "Zirə" üçün çətin olacaq. Amma hər şeyi düzgün etsələr, niyə də olmasın?
- "Hayduk" haqda hansı fikirdəsən? Bu klubda hazırda Marko Livaya, İvan Rakitiç kimi tanınmış futbolçular oynayır. Xorvatiyanın tarixi klubudur...
- Düzünü desəm, çoxdandır ki, "Hayduk"un matçlarına baxmıram. Bilirəm ki, onların baş məşqçisi Cennaro Qatuzo idi və İvan Rakitiç də komandaya cəlb edilmişdi. Üstəlik, onlarda güclü, keyfiyyətli yerli gənc futbolçular var. Ümumilikdə, “Zirə”yə güclü rəqib düşüb.
- "Zirə"nin "Hayduk"u keçməsi sənin üçün sürpriz sayılacaq?
- "Zirə" "Hayduk"u keçərsə, buna çox sevinərəm. "Zirə"yə uğurlar arzulayıram. Təki, onlar Azərbaycan xalqını sevindirsinlər.
- Split klubundakı dövrünü necə xatırlayırsan? Çox da oynamaq şansı qazanmamışdın...
- "Hayduk"a keçəndə, orada 3 məşqçi dəyişdirilmişdi. Hər birinin də futbola öz baxışı var idi. Təsəvvür edin, 3-cü məşqçi gələndə, mən oynamağa başladım. Amma bu da 2 oyundan artıq deyildi. Sonra həmin baş məşqçi getdi, 4-cü baş məşqçi gəldi. Bütün bunlar bir ayın içində baş vermişdi. Amma ümumilikdə, "Hayduk" kimi böyük klubda oynamaq şansım olduğu üçün şadam. Bütün bunlar Robert Prosineçkinin köməkliyi ilə baş vermişdi. Buna görə, ona təşəkkür edirəm və sağlamlıq arzulayıram. Hər zaman Prosineçkiyə minnətdar olacam.
İdman.biz