Polşa millisində Robert Levandovskini sevmirlər - SƏBƏB

Xəbərlər
10 İyun 2025 11:36
71
Polşa millisində Robert Levandovskini sevmirlər - SƏBƏB

Polşa millisində Robert Levandovskinin gedişinə sevinirlər.

İdman.biz xəbər verir ki, kapitanlıq sarğısı əlindən alındığından 36 yaşlı futbolçu ölkəsinin əsas komandasında oynamaqdan imtina edib.

Başqa futbolçunun kapitan olması ilə bağlı qərarı baş məşqçi Mixal Probej qəbul edib və bunu dəyişikliklərin zəruriliyi ilə əsaslandırıb: "Robert istəyirdi ki, rəsmən məhz onun sarğıdan könüllü imtina etdiyi açıqlansın. Mən isə bildirdim ki, ola bilməz. Bu mənim qərarımdır."

Bundan sonra "məşqçiyə olan inamını itirdiyini" deyən Levandovski Probej komandaya rəhbərlik etdiyi müddətdə millidə oynamayacağını bəyan edib. Daha sonra hücumçu bildirib ki, məşqçi onun "etimadını puç edib" və baş verənlər onu "çox incidib".

Amma görünən odur ki, millidə onun üçün darıxan olmayacaq. "Przegląd Sportowy" nəşrinin yazdığına görə, Levandovskinin qərarı komandada "sevinclə qarşılanıb" - alqışlar və rahatlıq hissi ilə. Bu hadisə baş məşqçiyə olan hörməti də artırıb.

Probej özü də bildirib ki, millinin qapısı onun üzünə bağlanmayıb: "Robertə ən yaxşısını arzulayıram, amma mənim üçün ən vacib olan milli komandadır, onu kimin çalışdırdığının isə əhəmiyyəti yoxdur. Vacib olan komandanın faydasıdır".

Əslində komandada liderlə münasibətlər həqiqətən gərgin idi. Mart ayında Levandovski paltardəyişmə otağına daxil olaraq komanda yoldaşlarını və məşqçiləri söymüş, sonra isə ictimai şəkildə tənqid etmişdi. Digər oyunçular da ondan narazı idilər və düşünürdülər ki, o, "Barselona"nı milli komandadan üstün tutur.

Qeyd edək ki, Levandovski Polşa millisində 2008-2025-ci illərdə 158 oyunda 85 qol vurub.

İdman.biz