"Məncə, pis nəticə olmadı".
İdman.biz xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə keçirilən yoldaşlıq görüşündən (0:0) sonra mətbuat konfransında deyib.
O, əvvəlcə komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edərək fikirlərinə davam edib: "Bu şəhərdə çıxış etmək çox gözəl idi. Toplanış çərçivəsində keçirdiyimiz iki oyun qarşıdakı rəsmi matçlara hazırlaşmağa hesablanmışdı. Bu gün futbolçularım öz bacarıqlarını göstərdilər".
Abbasovun sözlərinə görə, Belarusla səfərdəki görüşdə də məğlub olmaya bilərdilər: "Heyətimizdə rəqiblə müqayisədə daha aşağı yaş qrupundan olan uşaqlar çoxluq təşkil edirdi. Bu bizi sevindirir, gələcəyə nikbin baxmağa imkan verir. Hələ işin başlanğıcındayıq. Futbolçuların necə çıxış etmələri klublarında oynamalarından asılı olacaq. Milliyə hazır vəziyyətdə gələndə bizə də asan olur. İstədiyimiz oyun var. Antalya toplanışı ilə müqayisədə yaxşılığa doğru dəyişiklik hiss olunur. Əsas odur ki, futbolçular meydanda nə etmək lazım olduğunu bilirlər. Qısa müddətdə olan inkişaf məni sevindirir”.
Qeyd edək ki, U-21 toplanış çərçivəsində ilk yoxlama görüşünü səfərdə Belarus yığmasına (1:3) qarşı keçirmişdi.
İdman.biz