Arif Əsədov: "Bu yığma öncəkilərə baxanda daha uğurlu nəticə vəd edir"

Xəbərlər
5 İyun 2025 11:23
89
Arif Əsədov: "Bu yığma öncəkilərə baxanda daha uğurlu nəticə vəd edir"

"Yoldaşlıq görüşlərində daha çox yeni baş məşqçilər futbolçuları nəzərdən keçirir, taktiki sxemlər üzərində işləyirlər. Bu baxımdan Belarus millisinə qarşı oyunun nəticəsi çox da önəmli deyil".

Bunu İdman.biz-ə Arif Əsədov Belarus və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında baş tutan yoldaşlıq oyunu barəsində danışarkən deyib.

Yığmanın sabiq məşqçisi bildirib ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda matça üstün başlayıb: "Matçın əvvəli millimizin üstünlüyü şəraitində keçdi. Hətta qarşılaşmada hesabı komandamız açdı. Görüşün əsas dönüş nöqtəsi 30-cu dəqiqələr oldu".

Əsədovun sözlərinə görə, millinin “sükanı arxasına” martda keçən Ayxan Abbasovun bir növ axtarış dönəmidir: “Oyunçuları düzgün qiymətləndirib, məğlubiyyətdən yaxşı nəticə çıxarmaq lazımdır. Heyətdə potensiallı futbolçular çoxdur. Bu yığma öncəkilərə baxanda daha uğurlu nəticə vəd edir. Edqar Adilxanov, Ağadadaş Salyanski, Murad Məmmədov, Rüfət Abbasovun çıxışını xüsusi fərqləndirərdim".

Qeyd edək ki, Belarusa 1:3 hesabı ilə uduzan U-21 hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun gənclər yığması ilə gücünü sınayacaq.

Murad Abdullazadə
İdman.biz