Peter Kralik: "İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır" - MÜSAHİBƏ

Müsahibə
31 May 2025 12:53
57
Peter Kralik: "İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır" - MÜSAHİBƏ

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik "Report"a müsahibəsi

- Dünya çempionatının finalında Azərbaycan və Macarıstan komandaları üz-üzə gələcəklər. Düşüncələriniz necədir?

- Bu, Azərbaycan üçün yaxşı xəbərdir. Ölkəniz üçün daha yaxşı xəbər o olardı ki, həlledici matçda qalib gələsiniz. Macarıstan çox yaxşı komandadır. Heyətlərində təcrübəli futbolçular yer alıb. Final görüşünün çox çətin keçəcəyini indidən proqnozlaşdırmaq olar.

- Hansı yığmanın şansını daha yüksək qiymətləndirirsiniz?

- Nəzərə almaq lazımdır ki, oyun 0:0-dan başlayır. Kim çox qol vursa, o da qələbə qazanacaq. İnanırıq ki, Milli Gimnastika Arenasına toplaşan azarkeşlər maraqlı finala şahidlik edəcəklər.

- Dünya çempionatının təşkilatçılığı ilə bağlı nə deyə bilərsiniz?

- İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır. Lakin yarış hələ başa çatmayıb. İnanıram ki, final qarşılaşmasının ab-havası daha möhtəşəm anlarla yadda qalacaq.

- 1/4 finalın Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib. Bu isə mundiallar tarixində mütləq rekorddur. Bunu əvvəlcədən gözləyirdiniz?

- Daha əvvəl ən yaxşı göstərici Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçında - Slovakiya - Belçika görüşündə qeydə alınmışdı. Həmin qarşılaşmanı 6513 tərəfdar canlı olaraq izləmişdi. Azərbaycan həmin turnirdə birinci olanda, artıq anladıq ki, ən yaxşı təşkilatçılardan biri məhz bu ölkə olacaq. Bakıda qeydə alınan azarkeş rekorduna görə yerli təşkilat komitəsini təbrik edirəm. Lakin az əvvəl də vurğuladığım kimi, yarış hələ bitməyib.

- Bakıdakı təşkilatçılıq digər ölkələrə müsbət mənada necə nümunə olacaq?

- Daha əvvəl keçirilən yarışlar Azərbaycan üçün yaxşı nümunə olub. Hansı ki, ölkəniz mundiala çox gözəl hazırlaşıb. İnanıram ki, digər ölkələr də Azərbaycana baxıb, daha da ruhlanacaqlar. Hər kəs gördü ki, minifutbol Bakıda çox sevilir.

İdman.biz