“Milli komandada oynamaq hər bir azərbaycanlı futbolçu üçün ən pik nöqtədir. Ola bilər ki, bu mərhələ klub həyatıma da yeni imkanlar qazandırsın. Bunu zaman göstərəcək. Ancaq hazırda bütün diqqətim millidədir və əsas məqsədim maksimum faydalı olmaqdır. Daha çox çalışıb, verilən şansdan maksimum istifadə etməliyəm”.
İdman.biz xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Şamaxı”nın futbolçusu Cəlal Hüseynov deyib.
22 yaşlı müdafiəçisi ona etimad göstərən məşqçilərə təşəkkürünü bildirib: “İlk olaraq Ayxan Abbasova minnətdarlığımı bildirirəm. Mənə heç kimin inanmadığı vaxtda güvəndi, komandaya dəvət etdi. Hətta ideal formada olmadığım dönəmlərdə belə şans verdi. Dəvət gözləyirdim və çox sevinirəm ki, uzun fasilədən sonra yenidən millidəyəm. Milli formanı daşımaq böyük fəxrdir. Məqsədim bu komandada sabit yer qazanmaqdır. Təbii ki, millidə olmaq fərqli bir məsuliyyət və ruh tələb edir. Daha ciddi yanaşmalı, peşəkar kimi çox çalışmalısan ki, bu formanı davamlı geyinə biləsən”.
Gənc futbolçu qarşıdakı Latviya və Macarıstanla yoldaşlıq görüşlərinə də münasibət bildirib: “İki maraqlı qarşılaşma bizi gözləyir. Açığı, Latviya barədə geniş məlumatım yoxdur. Amma toplanış zamanı onları daha yaxından analiz edəcəyik. Macarıstan isə tanınmış və keyfiyyətli futbolçulara malik komandadır. Son illərdə böyük inkişaf yolu keçiblər. Top-liqalarda oynayan yaxşı, ulduz futbolçuları var. Əlimizdən gələni edəcəyik ki, bu oyunlardan qalib ayrılıb, azarkeşlərimizi sevindirək”.
Hüseynov millinin baş məşqçisi Fernandu Santuşla bağlı fikirlərini də bölüşüb və uğursuzluq seriyaya son qoyacaqlarına inandığını vurğulayıb: “Doğrudur, hələlik Santuşun rəhbərliyi altında qələbə qazana bilməmişik. Amma bu cür çətinliklər digər milli komandalarda və klublarda da olur. Sadəcə olaraq, daha ciddi şəkildə hazırlaşmalı və bütün gücümüzü ortaya qoymalıyıq ki, bu seriyanı sona çatdıraq. Santuş böyük təcrübəyə malik çalışdırıcıdır. Sistem fərq etməz – mənə harada və nə zaman şans verilirsə, bacarığımı maksimum səviyyədə göstərməyə və komandaya tez uyğunlaşmağa çalışacağam”.
Sonda o, milli komandadakı motivasiyasına da toxunub: “Hazırda öz üzərimdə daha çox işləməli, inkişaf etməliyəm. Milli üçün hər şeyimizi ortaya qoymalıyıq. Bu yalnız mənim deyil, bütün komanda yoldaşlarımın – dəvət alan və almayan hər kəsin məsuliyyətidir. İnanıram ki, bunun öhdəsindən layiqincə gələcəyik”.
İdman.biz