Fərid Qayıbov: “İnanıram ki, millimiz dünya çempionatında uğurlu çıxış edəcək”

Xəbərlər
15 May 2025 16:32
133
Fərid Qayıbov: “İnanıram ki, millimiz dünya çempionatında uğurlu çıxış edəcək”

"Minifutbol azarkeşlərini Milli Gimnastika Arenasına dəvət edirəm".

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı haqqında danışıb. Nazir bildirib ki, millimiz 2022-ci ildə Avropa çempionu olduqdan sonra məşhurlaşıb: “Ötən il keçirilən dünya çempionatında da komandamız uğurlu çıxış edərək dördüncü yerə sahib oldu. Artıq dünya çempionatı Bakıda keçirilir. Doğma azarkeşlər önündə çıxış etmək çox məsuliyyətlidir. İnanıram ki, millimiz uğurlu çıxış edəcək. Çünki komanda çempionata səylə hazırlaşır. Buna görə də Azərbaycan Minifutbol Federasiyasına təşəkkür edirəm. Çempionatın təşkilində federasiyasının mühüm və müstəsna rolu var".

Qayıbov vurğulayıb ki, yarışların keçiriləcəyi Milli Gimnastika Arenası artıq hazırdır: “Futbolçularımız burdadır. Əhval-ruhiyyə yaxşıdır. Hamımız çempionata hazırıq. Çoxdandır “Fan Zona” təşkil olunmurdu. Bilirsiniz ki, Azərbaycanda bir çox dünya və Avropa çempionatları keçirilir. Dövlətin, ölkə başçısının dəstəyi ilə müxtəlif idman tədbirləri təşkil olunur. Təşkilatçılara təşəkkürümü bildirirəm. Çünki “Fan Zona” yarış üçün vacib məqamdır. İnsanlara müxtəlif təbliğat yolları ilə çatmaq olar. “Fan Zona” da effektiv təbliğat üsuludur”.

Qeyd edək ki, mundial mayın 21-dən iyunun 1-nə qədər keçiriləcək.

Aytac Sahəd
İdman.biz