Ayxan Abbasov: "Məğlubiyyətsiz seriyamız davam edir"

Müsahibə
3 May 2025 20:18
157
Ayxan Abbasov: "Məğlubiyyətsiz seriyamız davam edir"

"Maraqlı oyun alındı. Bilirdik ki, "Səbail" son matçlara final kimi yanaşır. Aqressiyaları, istəkləri görünürdü. "Araz-Naxçıvan"la görüşdə də pis oynamamışdılar".

İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Səbail"lə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 33-cü turunda doğma meydanda qeydə alınmış 1:1 hesablı heç-heçə şərh edib. "Önə keçəndən sonra epizodları dəyərləndirə bilmədik. Hesab 2:0 olsaydı, oyun bitəcəkdi. Penaltidən sonra üstünlük rəqibdən oldu. Bu da normaldır. 1 xal qazandıq. Bu gün azarkeşlər çox idi. Onlara 3 xal hədiyyə etmək istəyərdik. Məğlubiyyətsiz seriyamız davam edir. Bu stabilliyi ikinci dövrədə göstərə bilsəydik, bu gün başqa yerlər uğrunda oynayardıq. İldən-ilə təcrübə qazanacağıq. Çempionatda əsas işimizin öhdəsindən gəlmişik. Futbolçuların peşəkar yanaşması məni sevindirir. Müqavilələrə gəlincə, gözləyirik. Büdcə tam bilinmir. Sponsorsuz komandayıq. Dövlətin ayırdığı pulla komandanı saxlamışıq. Yəqin yaxın günlərdə bəlli olar. Bəzi futbolçularla müqaviləmiz var. Heyəti qorumaq çətindir. Yenidən komanda qurmaq, seleksiya aparmaq bir məşqçi kimi mənim üçün çətin olacaq. Vəziyyət yaxşı deyil".

İdman.biz