"Bu gün rotasiyalar çox oldu. Dəyişikliklər də çox edə bilmədik, amma rəqib səhvimizdən istifadə edərək hesabda önə keçdi".
İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 31-ci turunda "Şamaxı"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, şansları olsa da, dəyərləndirə bilməyiblər: "İrəliyə baxmaq lazımdır. Çox çalışmaq lazımdır. Əgər ayaqlaşmaq istəyiriksə, meydanda çalışmaq vacibdir. Heyfsilənmək bizə bir şey verməyəcək. Bunu etməyə dəyməz. Məncə, səhvlərdən nəticə çıxarmaq lazımdır. Önəmlisi olan budur".
O, zədəli futbolçuları haqda da söz açıb: "İnşallah, növbəti turda geri qayıdacaqlar. Mahamadu Ba qayıdar, Rauf Hüseynli dəqiq deyil. Elmir Tağıyev isə sarı vərəqə limitinə görə oynaya bilmir".
Bağırov "Şamaxı" ilə oyunlarda daha çox çətinlik çəkdikləri ilə bağlı belə deyib: "Məndə də səhv ola bilər. Ümumi götürsək, bu gün rəqibə elə də çox şanslar vermədik. Oyuna da yaxşı hazırlaşmışdıq. Sadəcə bu cür oyunlarda psixoloji təzyiq daha çox olur. Amma bir neçə epizodlarımız oldu. Yəqin ki, bizim günümüz deyil idi".
İdman.biz