Adil Hüseynovdan təklif: “AFFA yeni strategiya hazırlamalıdır”

Müsahibə
16 Aprel 2024 14:16
609
Adil Hüseynovdan təklif: “AFFA yeni strategiya hazırlamalıdır”

“İlk növbədə AFFA-nın yeni seçilmiş prezidentini və İcraiyyə Komitəsinin üzvlərini təbrik edirəm. Onlara aktiv, inamlı başlanğıc arzulayıram. Səyləri uğurlarla, qələbələrlə nəticələnsin”.

Bunu İdman.bizə açıqlamasında futbol veteranı Adil Hüseynov deyib.

Ötən əsrin 70-ci illərində “Neftçi”, Naxçıvanın “Araz” və başqa klublarda çıxış etmiş sabiq futbolçu AFFA-nın indiyəqədərki fəaliyyətini dəyərləndirib: “Bu gün dünyada futbol mühüm sosial hadisədir və gördüyümüz kimi dövlət bu idman növünün təbliğinə, futbolun inkişafına xüsusi diqqət yetirir. Ölkə başçısı cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı” ölkədə futbolun inkişafına və beynəlxalq yarışlarda uğurlar əldə etməyə xidmət edir. Azərbaycan futbolunun uğuru, milli komandaların beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında, klubların isə Avropa turnirlərində çıxışlarla ölçülür. Təəssüf ki, dövlət dəstəyi olmasına baxmayaraq, AFFA-nın yarandığı 1992-ci ildən bu günə kimi, milli komandalarımız, Ağdamın “Qarabağ” komandası istisna olmaqla, klublarımız beynəlxalq arenada böyük uğurlar qazanmayıb. Azərbaycanda peşəkar futbolun hələ də aparıcı Avropa çempionatlarının standartlarından uzaq olduğunu etiraf etməliyik”.

Hüseynov AFFA-nın Hesabat-Seçki Konfransından sonra qurum rəhbərliyində baş verən dəyişikliklərə nikbin yanaşdığını gizlətməyib və millidən gözləntilərini açıqlayıb: “Məqsədimiz millimizi dünyanın ən yaxşıları sırasında görməkdir. Bunun üçün komandamız rəqabət qabiliyyətli gücə çevrilməlidir. Hazırda yığmada yüksək səviyyəli futbolçular azdır. Aşağı yaş qrupları üzrə millilərimiz dünya və Avropa çempionatlarında uğurla çıxış edən kimi ölkənin əsas komandası üçün yüksək nəticə proqnozlaşdırmaq olar”.

Futbol veteranı Gürcüstanın AVRO-2024-ə vəsiqə qazanmasına da toxunub: “Gürcüstan bizim üçün qonşu, dost ölkədir, yüz minlərlə soydaşımız həmin ölkədə yaşayır. Onların sevinci, bizim də sevincimizdir. Arzu edirəm ki, Gürcüstan millisi AVRO-2024 uğurla çıxış etsin. İki qonşu ölkənin futbolunu müqayisə etmək üçün tarixə nəzər salmaq vacibdir, milli komandaların çıxışlarını, klubların avrokuboklarda iştirakını, nəticələrini, FİFA və UEFA reytinqlərini təhlil etmək və nəhayət, öz ölkəsindən kənarda çıxış edən futbolçuların sayını, səviyyələrini qiymətləndirmək lazımdır”.

Hüseynov AFFA-nın yeni rəhbərliyinin görməli işlərdən danışıb: “Futbolun populyarlığını və onun gənc nəslin tərbiyəsindəki rolunu nəzərə alaraq, AFFA tərəfindən bu idman növünün inkişafı üçün yeni strategiya hazırlanmalıdır. Bu strategiyada ilk növbədə futbolun hazırkı vəziyyəti ilə respublikanın sosial-iqtisadi sahədəki uğurları arasındakı uyğunsuzluğa xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, strategiya futbolun bütün növləri ilə məşğul olan insanların sayının artmasına yönəlməlidir, idarəçilik sisteminin təkmilləşdirilməsi, təşkili ilə bağlı ictimai rəyi monitorinqinin təmin edilməsi və s. Ataların belə sözü var: “Uzaqdan baxana döyüş asan gələr”. AFFA-nın indiki mərhələdə üzləşdiyi problemlərin miqyası elədir ki, yalnız dövlətin, peşəkarların, jurnalistlərin, bloqqerlərın və bütün futbol ictimaiyyətinin birgə səyi ilə onların həllinə nail olmaq olar. Klublar özlərini maliyyələşdirməyə çalışmalıdırlar, futbolumuz xalqdan uzaqdır – azarkeşlərin sevimli idman növünə nəzarəti yoxdur və eyni zamanda, təəssüf ki, bəzi hallarda kifayət qədər azarkeş mədəniyyəti yoxdur, təhqiramiz sözləri işlədən və azlıqda qalan fərdləri nəzərdə tuturam. Çox ümid edirəm ki, onlar da bunu nəzərə alıb özləri də düzgün nəticəyə gələcəklər. Hamımız başa düşməliyik ki, istər meydandakı oyunçular, hakimlər və tribunada azarkeşlik edən insanlar bir ölkənin vətəndaşlarıyıq, biz eyni qanunlara tabeyik, ancaq idman prinsiplərinə riayət etməliyik, o cümlədən feyr-pley prinsiplərinə”.

Veteran futbolçu klubların durumuna da toxunub: “Azərbaycan klublarının özləri də çox gəlirsizdirlər. Sponsorlar dərhal nəticə istəyirlər. Müxtəlif səbəblərdən, o cümlədən maddi sıxıntılardan fəaliyyətini dayandıranlar olub. Maliyyə durumu 3-4 klub istisna olmaqla, ürəkaçan deyil, klub büdcələri əsasən dövlətdən alınan ianələr hesabına formalaşır. Eyni zamanda, marketinq və teleyayımlardan əldə olunan maliyyə vəsaitləri minimaldır. Stadionlarda matçlar zamanı əksər klubların sadiq azarkeşlərinə biletlərin satışından əldə olunan pullar komandaların xərclərinin cüzi bir hissəsini ödəməyə kifayət edir”.

Qeyd edək ki, sabiq futbolçu hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentidir və Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvüdür.

İdman.biz