Dünya mətbuatı: “BayArena”da eyforiya… Zubirdən şok... Dramatik sonluq...”

Xəbərlər
15 Mart 2024 14:48
Dünya mətbuatı: “BayArena”da eyforiya… Zubirdən şok... Dramatik sonluq...”

UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Bayer” - “Qarabağ” (3:2) matçı dünya mətbuatında rezonans doğurub.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası avrokubokla ilə vidalaşsa da, Azərbaycan çempionunun Avropa nəhəngləri ilə başa-baş oyun sərgiləməsi beynəlxalq idman ictimaiyyətinin diqqətindən qaçmayıb.

Xarici mətbuat “Köhlən atlar”ın fədakarlığını özlərinəməxsus tərzdə yüksək qiymətləndirib.

Onlardan bəzilərini təqdim edirik:

“Fasilədən dərhal sonra Abdullah Zubir gözlənilmədən Azərbaycan klubunu irəli çıxardı. 62-ci dəqiqədə qonaqlar azlıqda qaldı. Elvin Cəfərquliyev qırmızı vərəqə aldı. 67-ci dəqiqədə Juninyo “Bayer”in qapısına 2-ci qolu vura bildi... Dramatik sonluq... Alonsonun yetirmələri say üstünlüyündən yararlanıb geridönüş etdi…”
(westobserver.com)

“Qarabağ” püşkatmada ən asan rəqiblərdən biri kimi görünsə də, “Bayer”ə problem yaşatdı... Leverkuzenlilər əvvəlcə fürsətlərdən yararlana bilmədi. Abdullah Zubir və Juninyonun qollarından sonra ev sahibləri təlaşa düşdü. Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərildikdən sonra - 72-ci dəqiqədə Ceremi Frimponqla geri dönüş başladı...”
(archysport.com)

“Patrik Şik son məqamda qol vuraraq, "Bayer”i Avropa Liqasının 1/4 finalına yüksəltdi... 2:0 hesabda öndə olan "Qarabağ" dramatik şəkildə turnirdən uzaqlaşdırıldı...”
(yahoo.com/news)

“Qarabağ” asan rəqib kimi görünürdü. “Bayer” oyunda Azərbaycan klubunun “amansız” olduğunu anladı. Bu, Frayburqdan sonra Leverkuzen üçün son ola bilərdi, Patrik Şik olmasaydı...
Səsgücləndiricilərdən "Hey, bu davam edir? Biz bütün gecəni əylənəcəyik" səsləri eşidilirdi. “BayArena”dakı bu çağırışlardan eyforiyaya qapılan Leverkuzen oyunçuları “aldandıqlarından” tez duyuq düşdü... Unudulmaz oyun...”
(stern.de)

“Qarşılaşma uzun müddət böyük sensasiya kimi yadda qalacaq. Leverkuzenlilər əvvəldən daha fəal olsalar da, imkanlarından yararlana bilmirdilər... Tərəflərin dəyişməsindən sonra 58-ci dəqiqədə hesabı açan Abdullah Zubir meydan sahiblərini şoka saldı...”
(onlajny.com)

“10 nəfərlə təzyiqə dözə bilmədilər... “Qarabağ" 58-ci dəqiqədə Abdullah Zubirlə önə keçdi. 62-ci dəqiqədə Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq oyundan kənarda qaldı. Juninyo 67-ci dəqiqədə fərqi 2-yə çatdırıb... Qardaş Azərbaycanın komandası son dəqiqələrdə böyük təzyiqə qarşı “divar hörməy”ə çalışsa da, müqavimət göstərə bilmədi...”
(aksam.com.tr)

İdman.biz