“BayArena”dakı xalın dəyəri

Xəbərlər
14 Mart 2024 11:40
“BayArena”dakı xalın dəyəri

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bayer” - “Qarabağ” matçının nəticəsi Azərbaycanın UEFA reytinqinə təsir edə bilər.

İdman.biz xəbər verir ki, bunun üçün Qurban Qurbanovun yetirmələri Almaniyada uduzmamalıdır.

Leverkuzendəki “BayArena”da qazanılacaq istənilən reytinq xalı ölkəmizin irəliləməsi ilə nəticələnəcək. Təmsilçimiz 120 dəqiqə ərzində mübarizəni dayandırmamalıdır.

Hazırda 20,125 xala malik Azərbaycan Avropada 27-cidir. Ölkəmiz 26-cı sıradakı Bolqarıstandan cəmi 0,250 xal geri qalır.

Almaniyada heç-heçə hesabımıza 0,250, qələbə 0,500 xal gətirəcək. Hətta bərabərlik olsa belə Azərbaycan Bolqarıstana çatacaq.

Onda əlavə göstərici – cari mövsümün nəticələri əsas götürüləcək. Bu mövsümdə 5,875 xal qazanan Azərbaycan Bolqarıstanı 1,500 xal üstələyir. Üstəlik, 26-cı sıranın sahibinin təmsilçisi qalmayıb. Bu da o deməkdir ki, heç-heçə də Azərbaycanın 26-cı yerə yüksəlməsi ilə nəticələnəcək.

Qeyd edək ki, 25-ci olan Rumıniyanın 21,375 xalı var. Onları keçmək üçün 1/4 finala adlamaq və orada da uğurlu nəticə qazanmaq lazımdır.

İdman.biz