Xabi Alonso: “Qarabağ"la oyun heç də asan olmayacaq”

Xəbərlər
6 Mart 2024 13:50
Xabi Alonso: “Qarabağ"la oyun heç də asan olmayacaq”

“Ötən mövsüm yarımfinala çıxmaq xoş idi. Amma bu il daha artığını istəyirik”.

İdman.biz xəbər verir ki, bunu “Bayer"in baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la sabah keçiriləcək oyunu ərəfəsində mətbuat konfransında iştirak edib.

Alonso matç barədə fikirlərini bildirib: “Bizim bunu bacarmaq imkanımız var. Komandamız çox sayda yaxşı oyunçulara malikdir. Ən əsası isə odur ki, bütün turnirlərdə uğur qazanmaq istəyirik”.

Baş məşqçi qrup mərhələsində qarşılaşdıqları “Qarabağ”la yenidən üz-üzə gələcəklərinə də münasibət bildirib: “Əlbəttə ki, rəqibi tanımaq həmişə yaxşıdır. İndi bizi hər hansı böyük sürprizlər gözləmir".

Mütəxəssis 1/4 finala vəsiqənin asan olmayacağını vurğulayıb: “Ancaq bu heç də asan olmayacaq. Bu, çox aydındır. Onların özlərinə inamları çoxdur. liqada böyük fərqlə liderdirlər. “Qarabağ” Portuqaliyanın “Braqa” klubuna qalib gəlib. Onlar bu iki matçda öz tipik oyun üslublarını göstərdilər və xüsusilə əks-hücumda çox təhlükəli idilər".

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Bayer” qarşılaşması saat 21:45-də başlayacaq.

İdman.biz