İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, futbolçu bu barədə rəsmi “Instagram” hesabında paylaşdığı vida videosu ilə məlumat verib.
20 illik karyerasına yekun vuran Mata son iki mövsümü Avstraliyada keçirib. O, əvvəlcə “Vestern Sidney Uonderers”, daha sonra isə “Melburn Viktori”nin formasını geyinib. Sonuncu mövsümdə beş qol vuran və 13 məhsuldar ötürmə edən yarımmüdafiəçi Avstraliya çempionatının ən yaxşı futbolçusu seçilib.
İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olan Mata ölkəsinin qızıl nəslinin üzvlərindən biri hesab olunur. O, milli komandada 41 oyun keçirib və 10 qol vurub.
Klub karyerası ərzində “Real Madrid Kastilya”, “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray”, “Vissel Kobe”, “Vestern Sidney Uonderers” və “Melburn Viktori”də çıxış edib.
Mata “Valensiya” ilə 2008-ci ildə İspaniya Kubokunu qazanıb. “Çelsi”nin heyətində 2012-ci ildə UEFA Çempionlar Liqasının və İngiltərə Kubokunun, 2013-cü ildə isə UEFA Avropa Liqasının qalibi olub.
“Mançester Yunayted”lə 2016-cı ildə İngiltərə Kubokunu və Superkubokunu, 2017-ci ildə isə İngiltərə Liqa Kubokunu və UEFA Avropa Liqasını qazanıb. İspaniyalı futbolçu “Qalatasaray”la 2022/2023-cü illər mövsümündə Türkiyə çempionu, “Vissel Kobe” ilə isə 2023-cü ildə Yaponiya çempionu olub.
