Beynəlxalq Futbol Federasiyası (FIFA) oktyabrın 24-dən 30-dək Bakıda keçirilən ilk U-15 dünya çempionatı və festivalının oyunlarını haradan izləməyin mümkün olduğunu açıqlayıb.
Idman.Biz FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin bütün qarşılaşmaları DAZN platformasında yerləşən FIFA+ xidməti vasitəsilə canlı və ödənişsiz yayımlanacaq.
Təşkilatçılar eyni vaxtda 20-yə qədər matçın yayımını təmin edəcəklər. Hövsan İdman Kompleksində və Bakı Kristal Zalında (Baku Crystal Hall) keçirilən bütün görüşlər canlı nümayiş olunacaq.
Bundan əlavə, azarkeşlər turnirin açılış mərasimini və yarış çərçivəsində təşkil olunan digər tədbirləri də izləyə biləcəklər.
FIFA-nın məlumatına görə, yayımlar dünyanın hər yerindən olan futbolsevərlər üçün pulsuz olacaq. Bütün matçlara həm canlı, həm də sonradan təkrar olaraq baxmaq mümkün olacaq.
Xatırladaq ki, ilk FIFA U-15 Dünya çempionatı və Festivalında 189 milli futbol assosiasiyasının təmsilçiləri iştirak edirlər. Onlardan 78-i üçün Azərbaycandakı turnir FIFA dünya çempionatları səviyyəsində debüt olacaq.
Görüşlər qeyri-adi səkkizə səkkiz formatında keçirilir. Hər oyun 20 dəqiqəlik iki hissədən ibarətdir.
Turnir çərçivəsində ümumilikdə minə yaxın matçın təşkili nəzərdə tutulub. Yarış oktyabrın 30-da başa çatacaq. Həmin gün altı yarış səviyyəsinin qalibləri, o cümlədən ilk FIFA U-15 dünya çempionu müəyyənləşəcək.
