“Arsenal”ın sabiq hücumçusu İan Rayt komandanın vingeri Qabriel Martinelliyə dəstək ifadə edib.
İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu İngiltərə Superkubokunda “Mançester Siti”yə qarşı keçirilən matç (3:0), eləcə də Premyer Liqanın 1-ci turunda “Koventri” ilə oyunun (3:0) heyətinə daxil edilməyib.
“Hazırda Martinelli ilə necə rəftar edilməsindən narahatam. O, həmişə 100 faiz gücü ilə oynayır. Mən demirəm ki, o, dünyanın ən möhtəşəm futbolçusudur.
Amma “Arsenal”ın tarixində onunla bağlı mühüm məqamlar var. O, əla oyunlar keçirib, vacib qollar vurub.
İndi onunla necə rəftar edilməsi isə... Başa düşürəm ki, klub onun getməsini istəyir və bir çoxları deyir: “Bəli, bəlkə də onun üçün yoluna davam etməyin vaxtıdır”.
Amma bunu etməyin müxtəlif yolları var və bu proses futbolçunun özünə də uyğun olmalıdır.
O, heyətdə deyil, onunla danışmırlar, nə baş verdiyini başa düşmür. İngiltərə Superkubokunun oyununda da heyətdə olmadı. Nə baş verdiyini anlamır və müqaviləsinin başa çatmasına bir il qalıb.
Əgər “Arsenal” Vinisiusu transfer etsəydi, Martinelli öz-özünə deyə bilərdi: “Yaxşı, onlar Vinisius və Tzolisanı gətiriblər, deməli, yəqin ki, bu mövqedə üçüncü seçiməm”.
Amma Xristos Tzolisa baxanda və digər cinahda Noni Madueke oynayanda düşünürsən: “Mən onların hər ikisi ilə rəqabət apara bilərəm, düşünürəm ki, hələ də komandaya verə biləcəyim çox şey var”.
Sadəcə demək istəyirəm ki, mənim fikrimcə, Martinelli bu komanda üçün kifayət qədər iş görüb və ona hazırda olduğundan daha çox hörmətlə yanaşılmasına layiqdir”, - deyə İan Rayt bildirib.
