“Atletiko Madrid”in argentinalı hücumçusu Xulian Alvarez gələcəyi ilə bağlı açıqlamasından sonra azarkeşlərin hədəfinə çevrilib.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Madrid klubunun bəzi fanatlarının futbolçunun formasını yandırdığı əks olunub. Azarkeşlər bununla Alvarezin “Atletiko”dan ayrılmaq istəyinə etiraz ediblər.
Narazılığa səbəb argentinalı futbolçunun Argentina millisinin heyətində DÇ-2026 zamanı verdiyi açıqlama olub. Alvarez “Atletiko” rəhbərliyi ilə danışdığını və indiki vəziyyətdə ən yaxşı variantın transfer olduğunu bildirib. O, qərarını arzusunu reallaşdırmaq istəyi ilə izah edib.
İspaniya mətbuatında 26 yaşlı hücumçunun adı “Barselona” ilə hallanır. AS-ın məlumatına görə, “Atletiko” Alvarezin 2030-cu ilədək müqaviləsinin olduğunu xatırladır və futbolçunun gedişini yalnız klubun şərtləri daxilində mümkün sayır.
Qeyd edək ki, Xulian Alvarez “Atletiko Madrid”ə 2024-cü ildə “Mançester Siti”dən keçib. O, Madrid klubunda əsas hücumçulardan biri hesab olunsa da, son açıqlaması klub azarkeşləri ilə münasibətlərini gərginləşdirib.
