Bu gün Çempionlar Liqasının əsas mərhələsinin yeddinci, sondan əvvəlki turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” oyunu həm azarkeşlər, həm də futbol mütəxəssisləri arasında böyük maraq doğurur.
Öz növbəsində görkəmli futbol məşqçisi Ağasəlim Mircavadov oyunla bağlı gözləntilərini İdman.Biz-lə bölüşüb.
“Dünən keçirilən yeddinci turun ilk oyunları bir daha göstərdi ki, futbol gözlənilməz oyundur və burada hər şey mümkündür! Axı kim “Bodo Qlimt”in “Mançester Siti” üzərində qələbəsini gözləyirdi?! “Napoli” ilə “Kopenhagen”in heç-heçə oynaması da “Qarabağ”ın xeyrinədir. Hələ onu demirəm ki, bu gün klubumuzun uğurlu oyunu naminə hava belə qəfil yaxşılaşıb. Hesab edirəm ki, bugünkü qarşılaşma Qurban Qurbanovun rəhbərlik etdiyi komanda üçün bu Çempionlar Liqasında təkcə ən vacib deyil, həm də ən çətin oyun olacaq. Amma bu matçda qələbə tam mümkündür, mən buna inanıram”.
A.Mircavadov xatırladıb ki, “Qarabağ” növbəti mərhələyə çıxmaq şanslarını saxlayır.
“Heç-heçə də “Qarabağ”ın növbəti mərhələyə çıxmaq şanslarını saxlayır, lakin düşünürəm ki, komandanın futbolçuları bütün məsələləri elə bu gün həll etmək istəyirlər. Düzdür, Almaniya çempionatı qızğın mərhələdədir, bizim Premyer Liqada isə fasilə davam edir. Ancaq “Qarabağ” Türkiyədə çox yaxşı təlim-məşq toplanışı keçib. Yoxlama oyunları göstərdi ki, komanda Çempionlar Liqasında uğurlu çıxışa tam hazırdır. Alman komandasını baş məşqçinin dəyişməsi sarsıda bilər, necə ki, bu, adətən bütün klublarda baş verir. Lakin düzgün köklənmə “Qarabağ”a bunun da öhdəsindən gəlməyə kömək etməlidir. Dəqiq hesab deməyəcəyəm, amma “Qarabağ”ın qələbəsinə inanıram”, - deyə A. Mircavadov bildirib.
