İdman.Biz xəbər verir ki, “Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandesin futbolinfo.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Fasilə müddətində yaxşı istirahət edə, yorğunluğu üzərinizdən ata bildiniz? Mövsümün ikinci yarısı üçün hazırlıq prosesinə tam hazırsınız?
- Bu fasilənin olması yaxşıdır - ailə ilə vaxt keçirmək və həm fiziki, həm də zehni olaraq enerjini bərpa etmək üçün əla fürsətdir. Mövsümün birinci yarısını müsbət keçirdik və ikinci yarını daha böyük ambisiya ilə davam etdirmək istəyirik.
- “Şamaxı” mövsümün ikinci yarısına Bakıda hazırlaşacaq. Ölkə xaricində toplanış keçməmək sizə problemlər yarada bilər?
- Bakı şəhəri çempionata hazırlaşmaq üçün bütün şəraitə malikdir. Evə yaxın olmaq, güclənmək istəyirik və geri qayıtmağı səbirsizliklə gözləyirik.
- “Şamaxı”nın çempionatın ilk yarısında topladığı xal və turnir cədvəlində qərarlaşdığı pillə sizi tam qane edir?
- Biz həmişə daha çoxunu istəyirik, bütün oyunlarda rəqiblərlə sonadək mübarizə aparırıq. Qəbul etməsi çətin olan bəzi ağır məğlubiyyətlərimiz oldu. Amma hər zaman toparlanmağı bacardıq. Ümumi götürsək, birinci yarı yaxşı keçdi. Lakin biz daha iddialıyıq.
- Liqanın ikinci hissəsində hədəf nə olacaq: hazırkı mövqeyinizdə qalmaq, yoxsa turnir cədvəlində bir qədər də yuxarı qalxmaq?
- Oyundan-oyuna mübarizə apararaq, məşqdən-məşqə çalışaraq olduğumuz xətt üzrə davam etmək istəyirik. Hər bir xal uğrunda mübarizə aparmaq fikrindəyik. Xallar mövsümün sonunda hesablanır. Təvazökar və zəhmətkeş olmalı, işə düzgün münasibət göstərməliyik.
- Hazırda sizə Azərbaycanın digər klublarından və ya başqa ölkələrin komandalarından təkliflər gəlirmi? Gələcək planlarınız nədən ibarətdir?
- Mənim “Şamaxı” ilə müqaviləm var, burada özümü yaxşı hiss edirəm. Odur ki, transfer bazarı haqqında düşünmürəm.
- Çempionatın ilk yarısında buraxdığınız hansı fərdi səhvi özünüzə bağışlamırsınız?
- Komandaya kömək etdiyim üçün xoşbəxtəm və əsas məqsədim də budur. Hamımız səhv edirik, mən onlara fokuslanmıram. Düzdür, səhvləri qəbul etmək çətindir, amma məhz səhvlər bizi inkişaf etdirir. Futbol həm də səhvlər üzərində qurulan idman növüdür. Əsas məsələ hansı səhvi etmək deyil, səhvə necə reaksiya verməkdir.
- Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən ən güclü qapıçılardan hesab olunursunuz. Maraqlıdır, liqamızda çıxış edən digər qolkiperlərdən kimləri bəyənirsiniz?
- Hər biri əla qapıçıdır. Liqa qapıçıların səviyyəsi baxımdan çox yaxşı səviyyədədir. Demək olar ki, bütün oyunlara baxıram və qolkiperlərin həmişə möhtəşəm qurtarışları olur.
