Cənubi Afrika millisinin baş məşqçisi Uqo Broos Afrika Millətlər Kuboku 2025-də stadionlarda və ətrafda tipik turnir ab-havasını hiss etmədiyini deyərək təşkilati mühitdən narazılığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, belçikalı mütəxəssis əvvəlki turnirlərlə müqayisədə bu dəfə azarkeşlərin fəallığının xeyli aşağı olduğunu bildirib. Onun sözlərinə görə, Kot-d’İvuar və Qabonda keçirilən əvvəlki Afrika Millətlər Kuboklarında hər an turnirin bir hissəsi olduğunu hiss edirdin, avtobusla məşqə gedərkən belə insanlar əl yelləyir, bayraqlar qaldırırdı, amma bu dəfə belə mənzərə yoxdur.
Broos vurğulayıb ki, stadionlara sərbəst giriş məhdudlaşdırıldığı üçün azarkeşlər oyunlara gəlmir və bu da ümumi atmosferə mənfi təsir göstərir. Məşqçi xüsusilə Cənubi Afrika - Anqola və Cənubi Afrika - Zimbabve matçlarına marağın çox zəif olacağını qeyd edib.
Qeyd edək ki, iki turdan sonra B qrupunda Cənubi Afrika millisi üç xalla ikinci pillədə qərarlaşıb. Qrupun lideri altı xalla Misir millisidir.
