"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk yaxın günlərdə yenidən “Çernomorets” klubunun baş məşqçisi təyin oluna bilər.
İdman.Biz “TaToTake” nəşrinə istinadla xəbər verir ki, Odessa təmsilçisi Aleksandr Kuçeri əvəzləyəcək yeni baş məşqçi ilə bağlı qərarını verib və 60 yaşlı Qriqorçukun təyinatı artıq gündəmdədir. Onun klubun sükanı arxasına üçüncü dəfə keçməsi gözlənilir.
Xatırladaq ki, Qriqorçuk daha əvvəl 2010-2014 və 2021-2024-cü illərdə “Çernomorets”i çalışdırıb. Mütəxəssisin son klubu Çerkassı təmsilçisi LNZ olub və o, ötən mövsümün ikinci yarısında həmin komandaya rəhbərlik edib.
Qeyd olunur ki, hazırkı baş məşqçi Aleksandr Kuçer vəzifəsindən ayrılacağını təsdiqləyib, lakin klub hələlik onun istefasını rəsmi şəkildə elan etməyib.
“Çernomorets” cari mövsümün ilk hissəsini Birinci Liqanın turnir cədvəlində 18 oyunda topladığı 38 xalla üçüncü pillədə başa vurub. Komanda lider “Bukovina”dan 10 xal, “Levıy Bereq”dən isə bir xal geri qalır.
Xatırladaq ki, Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”, 2024-cü ildə isə “Neftçi” komandasının sükanı arxasında olub.
