“Real Madrid” klubunun əfsanəvi futbolçusu Alfredo Di Stefano 36 il əvvəl “Super Qızıl Top” mükafatını qazanaraq futbol tarixinə düşüb.
İdman.Biz xəbər verir ki, “France Football” nəşri Di Stefanonu 24 dekabr 1989-cu ildə “Super Qızıl Top”la təltif edib.
Səsvermədə o, Yohan Kroyf və Mişel Platini kimi ulduzları qabaqlayıb.
Di Stefano ardıcıl beş dəfə Avropa Kubokunu qazanan “Real Madrid” komandasına rəhbərlik edib və məşhur ağ formanı geyinərək futbol tarixinə adını yazdırıb.
O, oyunçu karyerası ərzində həmçinin 1957 və 1959-cu illərdə “Qızıl Top” mükafatını da qazanıb.
Qeyd edək ki, “Super Qızıl Top” mükafatı 1989-cu ildə France Football-un nəşrinin 35 illiyi münasibətilə yalnız bir dəfə təsis olunub və məqsəd bir mövsümün yox, bütöv bir dövrün - əsasən 1950-1980-ci illər arasındakı futbol tarixinin ən böyük oyunçusunu müəyyənləşdirmək idi. Keçmiş “Qızıl Top” sahibləri, jurnalistlər və futbol mütəxəssislərinin səsverməsi nəticəsində bu ada Alfredo Di Stefano layiq görülüb və o, bu mükafatı alan ilk və indiyədək yeganə futbolçu olaraq qalıb.
