Velko Simiç: “Dekabrda kimin birinci olmasına heç kim çox diqqət yetirmir” - MÜSAHİBƏ

Müsahibə
20 Dekabr 2025 12:00
35
Velko Simiç: “Dekabrda kimin birinci olmasına heç kim çox diqqət yetirmir” - MÜSAHİBƏ

“Düzü, bununla razı deyiləm. Məncə, ilk hissədə də çox yaxşı görünürdük, çoxlu qol imkanları yaratdıq, sadəcə, istifadə edə bilmədik”.

Bunu “Sabah”ın serbiyalı yarımmüdafiəçisi Velko Simiç futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Birinci turdan təxirə salınmış matçda “Qarabağ” üzərində vacib qələbə qazandınız. Oyunu və nəticəni necə şərh edərdiniz. Görüşdən öncə 3 xal qazanacağınıza inamınız var idi?

– Bizim tərəfdən çox yaxşı oyun oldu. Güclü rəqiblə qarşılaşacağımızı bilirdik, buna görə 100 faiz hazır olmalıydıq. Qarşılaşmanın elə ilk dəqiqələrindən bunu etdik. Fikrimcə, qələbəyə layiq idik.

– “Sabah” ilk hissə ilə müqayisədə ikinci yarıda daha yaxşı təsir bağışladı. Bu nə ilə əlaqədar idi? Fasilədə baş məşqçi Valdas Dambrauskas komandaya hansı tapşırıqları verdi?

– Düzü, bununla razı deyiləm. Məncə, ilk hissədə də çox yaxşı görünürdük, çoxlu qol imkanları yaratdıq, sadəcə, istifadə edə bilmədik. Elə mənim özümün ilk hissədə imkanlarım olsa da, dəyərləndirə bilmədim. Amma sona kimi öz oyunumuzu qoruduq, yaxşı mübarizə apardıq, sonda da bunun mükafatını aldıq.

– Bu qələbə sayəsində turnir cədvəlində ilk pilləyə yüksəldiniz. Birinci yerdə olmaq necə hissdir və hazırkı mövqeyinizi qorumaq sizin üçün çətin olmayacaq?

– Yaxşı hissdir, amma qarşıda bizi hələ uzun yol gözləyir. Dekabrda kimin birinci olmasına heç kim çox diqqət yetirmir. Əsas olan mövsümün sonudur.

– İlin son oyununda “Sumqayıt”ın qonağı olacaqsınız. Bu görüşdən gözləntiniz nədir?

– “Sumqayıt” yaxşı komandadır, çox yaxşı baş məşqçiləri var. Lakin fikrimcə, “Qarabağ”la oyundakı performansı təkrarlasaq, oyunu qazanmaq üçün yaxşı şansımızın olacağına inanıram.

– Valdes Dambrauskas bu vaxta qədər birgə işlədiyiniz məşqçilərdən nə ilə fərqlənir? Onda ən çox hansı xüsusiyyəti bəyənirsiniz?

– O, müasir və hücumameyilli, yüksək intensivliyə hesablanmış futbol oynatmağı sevən məşqçidir. Komandamız da məhz bu üsluba uyğun qurulub. Valdes Dambrauskas komandada intizamı qoruyur, amma eyni zamanda futbolçuya dost kimi yanaşmağı da bacarır. Onunla çalışmaq mənim üçün xoşdur.

– Ötən mövsüm Azərbaycan Kubokunu qazanan “Sabah” bu mövsüm Premyer Liqanın qalibi olmaq gücündədirmi? Yoxsa bunun üçün qış fasiləsində heyət bir qədər də gücləndirilməlidir?

– Düzü, bu suala mən cavab verə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, hazırda çox yaxşı komandamız var. Amma yaxşı futbolçu, əlbəttə, hər zaman xoş qarşılanır. Çempionluq barədə danışmaq hələ tezdir. İndi bizim üçün əsas məsələ bu tempi qoruyub saxlamaqdır.

İdman.Biz