Rusiyanın “Zenit” komandasının baş məşqçisi Münhen hava limanında saxlanılıb

Xəbərlər
16 Dekabr 2025 17:40
45
Rusiyanın “Zenit” komandasının baş məşqçisi Münhen hava limanında saxlanılıb

Rusiyanın “Zenit” klubunun baş məşqçisi Sergey Semak və həyat yoldaşı Anna Semak Almaniyanın Münhen şəhərinin hava limanında polis tərəfindən saxlanılıb.

İdman.Biz xəbər verir ki, Avropada 2022-ci ildən qüvvədə olan qaydalara əsasən, vətəndaşların Rusiyaya bir ədəd mal üzrə dəyəri 300 avrodan (təxminən 555 AZN) artıq olan məhsulları aparmasına icazə verilmir. Semak ailəsinin üzərində bu limiti aşan alış-veriş əşyaları aşkarlandığı üçün onlar saxlanılıb və araşdırmaya cəlb olunub.

Anna Semak baş verənlərlə bağlı şəxsi “Telegram” kanalında açıqlama verib. Onun sözlərinə görə, əvvəlcə vəziyyət “xırda problem” kimi təqdim edilib və onların reysə çatacağı bildirilib. Daha sonra isə polis, dindirilmə, sənədlərə imza və “cinayət” ifadəsi ilə qarşılaşıblar.

Anna Semak bildirib ki, onları müəyyən müddət saxlayaraq bir cüt ayaqqabı, eynək və şərfə görə böyük məbləğdə cərimə ödəməyə məcbur ediblər. Bundan əlavə, Avropa İttifaqında alınmış bütün əşyalar müsadirə olunub və Almaniyada yaşayan tanışlarına təhvil verilib. Nəticədə cütlük reysi buraxıb və biletlərini itirib. Növbəti reysə çatmaq üçün isə əlavə xeyli vəsait ödəməli olublar.

Anna Semak qeyd edib ki, təyyarə havaya qalxdıqdan sonra Almaniya və Münhenlə “birdəfəlik vidalaşdıqlarını” hiss ediblər.

İdman.Biz