Hazırda Portuqaliyanın “Sportinq” klubunda çıxış edən Fildişi Sahili millisinin mərkəz müdafiəçisi Osman Diomande “Qalatasaray”ın ara transfer planlarına daxildir.
İdman.Biz xəbər verir ki, “Afrika Foot”un məlumatına əsasən, İstanbul təmsilçisi 2023-cü ildə “Sportinq”lə müqavilə imzalayan Diomandeni heyətinə qatmaq istəyir.
“Sportinq” klubunun Diomande ilə bağlı mövqeyi isə sərtdir. Portuqaliya təmsilçisi 2027-ci ilə qədər müqaviləsi olan 20 yaşlı müdafiəçi üçün danışıqlara başlamaq şərti ilə minimum 60 milyon avroluq (təxminən 111 milyon AZN) təklif tələb edir. Futbolçunun müqaviləsindəki sərbəstqalma maddəsinin isə 80 milyon avro (təxminən 148 milyon AZN) olduğu bildirilir.
Diomande karyerasına Fildişi Sahilinin “OS Abobo” klubunda başlayıb. Daha sonra Danimarkanın “Midtjylland” klubunun akademiyasına keçib.
2022-ci ildə “Midtjylland”ın əsas komandasına yüksələn müdafiəçi, Portuqaliyada “Mafra” klubunda keçirdiyi icarə müddətindən sonra “Sportinq”ə transfer olunub.
Hazırda onun “Transfermarkt” dəyəri 45 milyon avro (təxminən 84 milyon AZN) olaraq göstərilir. Bu mövsüm Diomande “Sportinq”də 8 matçda meydana çıxıb.
