“Bəli, o vaxt çox çətin idi. “Çelsi” o zaman çox güclü idi, dünya səviyyəli futbolçuları vardı”.
Bunu “Qarabağ”ın sabiq futbolçusu, 2017-ci ildə komanda ilə Çempionlar Liqasının qrup mərhələsində oynamış Tarık Elyunusi futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– “Qarabağ” Çempionlar Liqasın əsas mərhələsinin 4-cü turunda “Çelsi” ilə qarşılaşacaq. Bu matç barədə düşüncələriniz necədir?
– “Qarabağ” üçün çətin oyun olacaq. “Qarabağ”ın ürəyi var, “Çelsi” isə başqa səviyyədədir. Yenə də futbolda hər şey mümkündür – bir yaxşı əks-hücum və ya standart vəziyyətlə oyun dəyişə bilər. Məncə, “Çelsi” favoritdir, amma “Qarabağ” müdafiəni möhkəm saxlayıb ağıllı oynasa, sürpriz edə bilər.
– “Qarabağ” bu oyundan xal qazana bilərmi?
– Çətindir, amma mümkünsüz deyil. Komanda sıx oynasa, yaxşı müdafiə olunsa və əks-hücumlarda şanslarını dəyərləndirsə, bəlkə də heç-heçə ola bilər.
– 2017-ci ildə “Çelsi”yə qarşı oynamısan və iki oyunda 10 qol buraxmışdınız. Bu dəfə fərqli ola bilərmi?
– Bəli, o vaxt çox çətin idi. “Çelsi” o zaman çox güclü idi, dünya səviyyəli futbolçuları vardı. Amma “Qarabağ” da hazırda çox inkişaf edib. Qurban Qurbanovun rəhbərliyi altında uzun illərdir sabitlik var və bu, meydanda da hiss olunur. Oyunçular dəqiq bilirlər ki, məşqçi nə istəyir, hər mövsüm sistem dəyişmir, klubun artıq formalaşmış kimliyi var. Komanda daha təcrübəli və struktur baxımından daha güclüdür. Ona görə də bu dəfə fərqli ola bilər.
– Hansı “Çelsi” daha güclüdür – 2017-ci ilin, yoxsa indiki?
– Məncə, 2017-ci ilin “Çelsi”si ümumilikdə daha güclü idi. O komandada Eden Hazard, Sesk Fabreqas, Dieqo Koşta kimi ulduzlar var idi. Bu, çox ciddi keyfiyyətdir. İndiki “Çelsi” isə gənc, yenidənqurma mərhələsində olan və bir qədər gözlənilməz komandadır.
– “Qarabağ”ın hazırda 6 xalı var. Növbəti mərhələyə keçmək şans varmı?
– 6 xalla onların real şansı var. Əgər bir qələbə də qazana bilsələr, mümkündür. Digər oyunlardan da çox şey asılıdır, amma “Qarabağ” hazırda yaxşı vəziyyətdədir.
        
                        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    