“Vüqar Nadirovun nəticələrindən razı qalmadıq” - “Şəmkir” klubunun prezidentinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO

Müsahibə
22 Oktyabr 2025 16:53
55
“Vüqar Nadirovun nəticələrindən razı qalmadıq” - “Şəmkir” klubunun prezidentinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO

Azərbaycan futbol çempionatının II liqasında çıxış edən “Şəmkir” klubunun baş məşqçi postundan uzaqlaşdırılan Vüqar Nadirov daha əvvəl İdman.Biz-ə verdiyi müsahibədə klub rəhbərliyinə qarşı bir sıra kəskin fikirlər səsləndirmişdi. O, həmçinin komandanın maliyyələşdirilməsinin tam dayandırıldığını da iddia etmişdi.

İdman.Biz bu məsələyə aydınlıq gətirmək üçün “Şəmkir” klubunun prezidenti Vüsal Məmmədovla əlaqə saxlayıb.

“Düşünürəm ki, Vüqar Nadirovun bu açıqlamaları, ilk növbədə, inciyərək söylədiyi sözlərdir. O, bizə bir qədər incik vəziyyətdə ayrıldı. Mən onu müəyyən qədər anlayıram, çünki cəmi beş tur keçmişdi. Amma o da bizi anlamalı idi - biz belə nəticələr gözləmirdik! Ən əsası, komanda nə bizim, nə də azarkeşlərimizin istədiyi oyunu göstərmirdi. Vüqar yaxşı məşqçidir, yaxşı insandır, amma biz, ilk növbədə, onun işinin nəticələrindən razı qalmadıq. Belə deyək, futbol bəxti ona üzünə gülmədi,” – deyə Vüsal Məmmədov bildirib.

Vüqar Nadirov Vüsal Məmmədovla birlikdə

Vüsal Məmmədov klubda maliyyə probleminin olmasına dair iddiaları da təkzib edib.

“Klubumuzun maliyyələşməsinin dayandırılması və ya hansısa maliyyə problemlərinin olması barədə danışmaq, ümumiyyətlə, mümkün deyil! Şəmkir sakinləri buna heç vaxt imkan verməz! Həmçinin maaşların gecikməsi barədə deyilənlər də əsassızdır, mən komanda üzvlərinin maaşlarını hər ayın son günündə, vaxtında ödəyirəm,” – “Şəmkir” klubunun prezidenti vurğulayıb.

Vüqar Vüqarlı

İdman.Biz