İspaniyada futbol məşqçisini təhqir edən şəxs HƏBS EDİLDİ

Xəbərlər
21 Oktyabr 2025 09:21
40
İspaniyada futbol məşqçisini təhqir edən şəxs HƏBS EDİLDİ

İspaniyada futbol məşqçisini irqi zəmində təhqir edən şəxs həbs edilib.

İdman.Biz xəbər verir ki, Almeriya məhkəməsinin qərarına əsasən, o, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2023-cü ilin iyulunda, 12–14 yaşlı futbolçular arasında keçirilən turnir zamanı baş verib. Məhkəmə materiallarına görə, ittiham olunan şəxs oyun zamanı ekvadorlu məşqçiyə yaxınlaşıb və ona irqi təhqirlər səsləndirərək aşağılamağa başlayıb: “Lənətə gəlmiş zənci, sənə mənim vergilərimdən maaş verirlər. Merlə danışacağam ki, səni işdən çıxarsın”.

Təqsirləndirilən şəxs günahını etiraf etdiyindən onun cəzası azaldılıb. Əvvəlcə onun 16 aya qədər həbs təhlükəsi var idi. Məhkəmənin qərarına əsasən, o, həmçinin 6 ay ərzində gündə 4 avro məbləğində cərimə ödəməli və məşqçiyə 1500 avro məbləğində mənəvi təzminat verməlidir.

Qərarın qüvvəyə minməsindən sonra məhkum 3 gün ərzində həbs cəzasının şərti cəza ilə əvəz olunması üçün müraciət edə bilər.

İdman.Biz