İspaniyanın “Oviedo” klubu 48 yaşlı serbiyalı baş məşqçisi Velko Paunoviçi istefaya göndərib.
İdman.Biz xəbər verir ki, mütəxəssislə yanaşı onun köməkçiləri də komandadan ayrılıblar.
Klubun açıqlamasında Velko Paunoviçə və onun məşqçi heyətinə təşəkkür ifadə edilib: "Onun rəhbərliyi altında komanda “La Liqa”ya vəsiqə qazandı – bu, azarkeşlərin yaddaşında qalacaq tarixi nailiyyətdir. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.
Komandanın yeni baş məşqçisi 46 yaşlı ispaniyalı Luis Karrion olub. Karrion son iş yeri “Las Palmas”ı bir il əvvəl (8 oktyabr 2024-cü ildə) tərk edib.
Qeyd edək ki, Paunoviç bu ilin martında “Oviedo”nun baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 24 ildən sonra “Sequnda”dan “La Liqa”ya qayıdıb. Lakin cari mövsümdə “Oviedo” 8 turda 6 məğlubiyyət alaraq cəmi 6 xal toplayıb və “La Liqa”nın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.