AFFA "Neftçi"ni 15700 manat CƏRİMƏLƏDİ

Xəbərlər
9 Oktyabr 2025 15:02
97
AFFA "Neftçi"ni 15700 manat CƏRİMƏLƏDİ

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdman.Biz xəbər verir ki, iclasda Misli Premyer Liqasının VII və I Liqanın IV turunda oyun zamanı qeydə alınan qayda pozuntuları ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Misli Premyer Liqasının VII turu üzrə:

“Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində “Zirə” klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanınb, “Zirə” klubu 500 manat cərimə edilib. Həmin qarşılaşmada VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu 1000 manat ziyana düşüb. “Neftçi”nin 4 nəfər futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Həmçinin "ağ-qaralar"ın azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə Bakı təmsilçisi 10000 manat cərimə ödəyəcək. Oyununun 90+5-ci dəqiqəsində “Neftçi”nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb və komandası 5000 manat cərimələnib.

“Sumqayıt” – “Turan Tovuz” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Qəbələ” – “Şamaxı” oyununda isə qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat ödəyəcək.

I Liqanın IV turu üzrə:

“Şahdağ Qusar” – “Mingəçevir” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimələnib.

“Şəfa” – MOİK görüşündə də qonaqlar ziyana düşüb. Komanda 5 nəfər futbolçusunun sarı vərəqə aldığı üçün 210 manat cərimə ödəyəcək. Həmin qarşılaşmanın 38-ci dəqiqəsində MOİK-in 2 nömrəli futbolçusu Hüseyn Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 150 manat ziyana düşüb.

İdman.Biz