Birinci Liqa təmsilçisi “Səbail” milli komandaların seçmə oyunları ilə əlaqədar daxili yarışlarda yaranan fasilə dövründə yoxlama oyunu keçirəcək.
İdman.biz fanat.az-a istinadən xəbər verir ki, klubun mətbuat sözçüsü Rəşad Məmmədov “dənizçilər”in “Sabah” klubunun U-19 komandası ilə gücünü sınayacağını bildirib.
Oyun oktyabrın 9-da “ASCO Arena”da keçiriləcək və saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Elvin Məmmədovun baş məşqçisi olduğu “Səbail” 4 turdan sonra 10 xalla 2-ci yerdə qərarlaşıb və lider “Şəfa”dan 2 xal geri qalır. İlk üç turda maksimum nəticə əldə edən komanda yalnız son turda “Şimal”ın müqavimətini qıra bilməyib (0:0). “Səbail”in 5-ci turdakı rəqibi “Zaqatala” olacaq. 15 oktyabrda “ASCO Arena”da baş tutacaq görüş 16:00-da başlayacaq.