Dekabrın 26-30-da Səmərqənddə şahmatın rapid və blits növləri üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək liderlərin bir neçəsinin adları dəqiqləşib.
İdman.biz xəbər verir ki, FİDE azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mundiala qatılacağını təsdiqləyib.
Siyahıya sürətli şahmatın hər iki növü üzrə hazırkı titul sahibi Maqnus Karlsen başçılıq edir.
Dommaraju Qukeş (Hindistan), Yana-Kşiştof Duda (Polşa), Yu Yanqyi (Çin), Vinsent Keymer (Almaniya), Maksim Vaşye-Laqrav (Fransa) və Nodirbek Abdusattorov (Özbəkistan) da çempionatda güclərini sınayacaq şahmatçılar arasındadır.
Qadınlardan isə bir nömrə hesab edilən Yu Vençjunun (Çin) da adı siyahıda var.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 1 milyon dollar təşkil edir. Bunun 700 min dolları kişilərin yarışına, 300 min dolları isə qadınların mübarizəsinə ayrılıb.
Zəki Feyzullayev
İdman.biz