Son 20 ildə Azərbaycan aparıcı şahmat dövlətlərinin arasına daxil olub - FIDE

Xəbərlər
7 Avqust 2023 14:40
113
Son 20 ildə Azərbaycan aparıcı şahmat dövlətlərinin arasına daxil olub - FIDE

Son 20 ildə Azərbaycan aparıcı şahmat dövlətləri arasına daxil olub.

İdman.biz xəbər verir ki, bu barədə Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun kuluarlarında Trend-ə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) baş direktoru Emil Sutovski deyib.

"Son 20 il ərzində Azərbaycan dünyanın aparıcı şahmat dövlətlərinin arasına daxil olub. Əlbəttə, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun adları hamıya məlumdur. Son bir neçə il ərzində qızlar çox yaxşı çıxış edirlər.

Günay Məmmədzadə bu turnirdə çox da yaxşı çıxış etməsə də, bütünlükdə haqlı olaraq Azərbaycanda şahmatçı qızlar arasında liderdir. Yeni nəsil arasında ləyaqətlə mübarizə aparan Ülviyyə Fətəliyevanı qeyd etmək istərdim. Düşünürəm ki, Azərbaycanda yetərincə çox istedadlar var və bu, ölkədə şahmatın böyük gələcəyindən xəbər verir", - deyə o vurğulayıb.

Emil Sutovskinin sözlərinə görə, FIDE Azərbaycanda turnirlərin keçirilməsini dəstəkləyir.

"Şübhəsiz, biz müxtəlif növ layihələri müzakirə edirik. Mahir Məmmədov (Azərbaycan Şahmat Federasiyasının prezidenti) də bu planda çox fəaldır və ölkədə yüksək səviyyəli daha çox tədbir keçirmək istəyir. Praktiki olaraq əminəm ki, 2024-2025-ci illərdə daha bir mühüm tədbir keçirəcəyik", - deyə FIDE-nin baş direktoru deyib.

Emil Sutovski qeyd edib ki, Bakıda keçirilən Dünya Kuboku böyük şahmat bayramıdır.

"Həm idman, həm də sosial nöqteyi-nəzərdən düşünürəm ki, bu, böyük şahmat bayramıdır. Gərginlik də çoxdur, partiyalar da maraqlı və parlaqdır, gözlənilməzlik var. Bu cür mühüm hadisənin əsasını məhz bu təşkil etməlidir. Bakı izləyicilərini görmək xoşdur. Yarışları çox sayda insan ziyarət edir. Ümumilikdə turnir artıq böyük hadisəyə çevrilib və düşünürəm ki, hələ əsas oyunlar qarşıda olduğundan turnir diqqət mərkəzində qalmağa davam edəcək", - o deyib.

FIDE-nin baş direktoru, həmçinin, təxminən bir ay davam edəcək turnirin formatı barədə fikirlərini bölüşüb.

"Turnir mürəkkəb və uzundur, bu doğrudur. Lakin digər tərəfdən ən statuslu turnirlərdən biridir və Dünya Kubokunun qalibini yalnız bir həftə ərzində müəyyən etmək doğru olmazdı. Biz daima formatı yenidən gözdən keçiririk. Digər tərəfdən, görürük ki, turnirə maraq azalmır. Bu səbəbdən turnirin uzunmüddətli olmasının müsbət tərəfləri var. Biz daima zamanla ayaqlaşmağa çalışırıq və hesab edirik ki, bu format hələlik dəyişiklik tələb etmir", - deyə E.Sutovski əlavə edib.

Emil Sutovski özünün də əslən Bakıdan olduğunu və vətənə hər gəlişinin onun üçün bayram olduğunu vurğulayıb.

"Mənim burada hələ də çox sayda dostum var və gənc şahmatçılarla daima əlaqə saxlayıram. Mən bir neçə il "Odlar Yurdu" komandasına məşq keçmişəm, buna görə də Bakı mənim üçün doğma şəhərdir. Mən hətta xarici qonaqlara şəhərə ekskursiya təşkil edə bilərəm və buna son dərəcə şad olaram. Şəhərin mərkəzini indiyədək xatırlayıram və yaxşı tanıyıram", - deyə o sonda deyib.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FIDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Şahmat üzrə Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" hotelində keçirilir.

İdman.biz