“Vüqar Həşimov Memorial-2023” turnirinin ilk partiyaları kifayət qədər maraqlı keçdi”.
İdman.bizə açıqlamasında bunu Qəbələdə keçirilən turnirin lideri Nicat Abasov deyib.
Dünya kubokunun yarımfinalçısı qarşıdakı turlarda gərgin mübarizənin olacağını bildirib. Nicat Abasov budəfəki turnirin özü üçün uğurlu bitəcəyinə ümid etdiyini qeyd edib: “Qarşıda bizi rapiddə 6 tur gözləyir. Sonra blitsdə 18 tur keçiriləcək. İndi qarşıdakı oyunlara köklənmək tələb olunur. Bu görüşlər mənim yarışa necə hazır olduğumu sübuta yetirəcək. Budəfəki turnirin ötən ildən fərqli olaraq, mənim üçün uğurlu bitəcəyinə ümid edirəm”.
Nicat təşkilatçılara təşəkkür edərək, yekunda kubokun Azərbaycanda qalmasının tərəfdarı olduğunu deyib: “Yarış təşkilatçılarına təşəkkür edirəm. Bu səviyyəli turnirlərin bölgələrdə keçirilməsi təqdirəlayiqdir. Bütün iştirakçılar qələbəyə layiqdir, amma kubokun Azərbaycanda qalmasının tərəfdarıyam”.
Qeyd edək ki, bu gün keçirilən ilk 3 turdan sonra Nicat Abasov turnir cədvəlinə başçılıq edir.
Zəki Feyzullayev
İdman.biz